Məhəmməd İzzəddin bin Abdulqadir əl-Qəssam 1883-cü ildə Suriyanın Lazakiya bölgəsində yerləşən Cəbələ liman şəhərində anadan olmuşdur. Ailəsi babasının dövründə İraqdan bura köç etmişdir. Atası müdərris, anası isə elm əhli olan bir ailənin qızı idi. İzzəddin ilk təhsilini valideynlərindən almış, mənsub olduğu Qadiri təriqətinin və atasının rəhbərliyi ilə dini elmlərə yiyələnmişdir.
Təhsil illəri və Misir mühiti
On dörd yaşında qardaşı Fəxrəddinlə birlikdə dövrün ən böyük İslam elm mərkəzi sayılan Qahirədəki Əl-Əzhər Universitetinə yollanan İzzəddin, 1909-cu ilə qədər burada Məhəmməd Əbduh kimi müəllimlərdən dərs almışdır. Misirdəki təhsil illəri onun təkcə dini deyil, həm də siyasi düşüncələrinin püxtələşməsinə səbəb olmuşdur. Xüsusilə ingilislərə qarşı üsyan qaldıran Urabi paşanın mübarizə ruhu onun gələcək fəaliyyəti üçün bir yol xəritəsi rolunu oynamışdır.
Müəllimlikdən cəbhəyə: Osmanlı ordusunda xidmət
1896-cı ildə Əzhərdəki ilkin təhsilini tamamladıqdan sonra vətəninə dönən Qəssam, pedaqoji üsulları dərindən öyrənmək üçün Osmanlı paytaxtı İstanbula getmişdir. 1903-cü ildə geri dönərək Cəbələdə həm uşaqlara, həm də böyüklərə dərs verməyə başlamış, 1912-ci ildə xüsusi məktəb qurmuşdur.
Natiqlik qabiliyyəti ilə seçilən Qəssam, Mənsuri məscidində verdiyi xütbələrdə xalqı izzətli olmağa və haqsızlığa boyun əyməməyə çağırırdı. 1911-ci ildə italyanlar Liviyaya hücum edəndə könüllülər toplayaraq cəbhəyə getməyə çalışmış, Birinci Dünya Müharibəsi zamanı isə Osmanlı ordusunda qarnizon imamı kimi xidmət etmişdir.
Fələstin dövrü və ingilis işğalına qarşı mübarizə
Fransızlar Suriyanı işğal edəndə müqavimət hərəkatına başlayan Qəssam, barəsində ölüm hökmü çıxarıldıqdan sonra 1921-ci ildə Fələstinə — Hayfaya köçmüşdür. Burada İstiqlal məscidində fəaliyyətə başlayaraq kəndlərindən qovulan insanlara yardım etmiş, onları maarifləndirmişdir.
O, yəhudilərə torpaq satılmasının qəti əleyhinə idi və bu təhdidin qarşısını almaq üçün tərəfdarlarından ibarət “Məşayix” (sonralar Qəssamiyyun) təşkilatını yaratmışdır. İzzəddin əl-Qəssam yaxşı dərk edirdi ki, ingilis mandatı sionist dövlətinin qurulması üçün zəmin hazırlayır.
Şəhadət və ilk intifada
İzzəddin əl-Qəssam hazırlıqlarını tamamladıqdan sonra, 2 noyabr 1935-ci ildə — Balfur bəyannaməsinin ildönümündə rəsmi hərəkata başlamışdır. Lakin 20 noyabr 1935-ci ildə Yəbüd məntəqəsində ingilislərlə baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Onun şəhadəti ingilislərə qarşı silahlı mübarizənin qığılcımı olmuş və 1936-cı il qiyamının (ilk intifada) əsasını qoymuşdur. Onun ideyaları həm hərbi, həm də cihad ruhu baxımından digər hərəkatlardan fərqlənirdi. Bu gün də Fələstindəki bir çox qrupların hərbi qanadları məhz onun adını daşıyır.

