Qətər Meteorologiya Departamenti (QMD) dənizdə güclü küləklər və hündür dalğalarla bağlı növbəti xəbərdarlığını yayıb. Sinoptiklərin məlumatına görə, ölkənin ərazi sularında hava şəraiti əlverişsiz olacaq və dəniz nəqliyyatı üçün risklər artacaq.
ArabAZ xəbər verir ki, məlumata əsasən, dənizdə küləyin sürəti bəzi ərazilərdə 25-30 uzelə qədər yüksələcək ki, bu da dalğaların hündürlüyünün 8-10 futa qədər artmasına səbəb ola bilər. Departament dənizçilərə, balıqçılara və su idmanı ilə məşğul olanlara ehtiyatlı olmağı, zərurət yaranmadıqda dənizə çıxmamağı tövsiyə edib.
Meteoroloqlar həmçinin bildiriblər ki, sahil zonalarında da küləkli hava şəraiti toz dumanına və görmə məsafəsinin azalmasına səbəb ola bilər. Sakinlərə rəsmi kanallar vasitəsilə yenilənən hava proqnozlarını izləmək və təhlükəsizlik qaydalarına əməl etmək tapşırılıb. Xəbərdarlıq müddətinin dənizdəki dalğalanma azalanadək davam edəcəyi gözlənilir.

