İranlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həftəsonu təcili xəstəxanaya yerləşdirildikdən sonra hazırda “ölümlə qalım arasında” mübarizə aparır. Bu barədə çərşənbə axşamı Parisdə keçirilən mətbuat konfransında onun vəkili Şirin Ərdəkani məlumat verib.
ArabAZ xəbər verir ki, vəkil bildirib ki, ailəsi və dəstəkçiləri indiyədək Nərgizin həyatı üçün bu qədər böyük qorxu hiss etməyiblər; o, hər an dünyasını dəyişə bilər. Ərdəkani vurğulayıb ki, hazırda mübarizə təkcə onun azadlığı üçün deyil, həm də ürəyinin döyünməyə davam etməsi üçün aparılır.
54 yaşlı fəal may ayının əvvəlində ölkənin şimalındakı Zəncan həbsxanasından bölgədəki xəstəxanaya köçürülüb. Onun adını daşıyan fondun yaydığı bəyanata görə, Məhəmmədinin səhhətində ciddi pisləşmə baş verib, o, iki dəfə huşunu tamamilə itirib və ürək tutması keçirib. “Sərhədsiz reportyorlar” təşkilatının Yaxın Şərq üzrə məsul şəxsi Conatan Dağer də vəziyyətin real ölüm təhlükəsi yaratdığını və təcili hərəkətə keçməyin zəruriliyini bildirib.
Nərgiz Məhəmmədinin həyat yoldaşı Təqi Rəhmani və iki övladı hazırda Parisdə yaşayır. Vəkil Şirin Ərdəkani Fransa Prezidenti Emmanuel Makronu bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. Məlumata görə, Məhəmmədi həbsxanada olduğu müddətdə təxminən 20 kiloqram çəki itirib, danışmaqda çətinlik çəkir və xarici görünüşü son həbsindən əvvəlki halı ilə müqayisədə tanınmaz dərəcədə dəyişib. Təqi Rəhmani xanımının yüksək qan təzyiqi və ağciyər emboliyası kimi xəstəliklərdən əziyyət çəkdiyini, bu problemlərin ölümcül ola biləcəyini qeyd edərək, İran hakimiyyətinin onu daha yaxşı tibbi yardım ala biləcəyi Tehrana köçürməkdən imtina etdiyini bildirib.
Rəhmani həmçinin vurğulayıb ki, 28 fevralda İranın hücuma məruz qalması ilə başlayan gərginlik və ordunun ölkədə nəzarəti gücləndirməsi Nərgiz kimi fəalların vəziyyətini daha da ağırlaşdırıb. O, edamların müharibə xəbərlərinin kölgəsində qaldığını və bu müharibənin İrana demokratiya gətirməyəcəyini, əksinə, vəziyyəti daha da pisləşdirdiyini deyib.
Xatırladaq ki, 2023-cü ildə Nobel Sülh mükafatına layiq görülən Nərgiz Məhəmmədi 25 ildən artıqdır ki, İranda ölüm hökmünə və qadınlara tətbiq edilən geyim qaydalarına qarşı mübarizə aparır. O, sonuncu dəfə ötən ilin dekabrında Məşhəd şəhərində dəfn mərasimi zamanı hakimiyyəti tənqid etdiyi üçün saxlanılmışdı. Fevral ayında isə o, “milli təhlükəsizliyə qarşı fəaliyyət” və “sistem əleyhinə təbliğat” ittihamları ilə ümumilikdə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. Hazırda tərəfdarları və ailəsi onun təcili olaraq Tehrandakı şəxsi həkim heyətinin nəzarətinə verilməsini tələb edir, lakin hakimiyyət orqanları onun fəallığından çəkindiyi üçün bu tələbləri geri çevirir.

