Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə rəsmi səfər edib. Səfər çərçivəsində Doha şəhərində Türkiyə-Qətər strateji əməkdaşlığı, regional təhlükəsizlik və Körfəz bölgəsindəki son vəziyyət geniş şəkildə müzakirə olunur.
ArabAz xəbər verir ki, Hakan Fidan səfərinin ilk hissəsində Qətər əmiri Təmim bin Həməd Al Tani tərəfindən qəbul edilib. Görüş zamanı Türkiyədə keçirilməsi planlaşdırılan Yüksək Strateji Komitə toplantısının hazırlıq işləri nəzərdən keçirilib.
Müzakirələrin əsas istiqamətlərindən birini Hörmüz boğazında gəmiçilik azadlığının bərpası, regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və Körfəzdə davamlı sabitliyin təmin olunması məsələləri təşkil edib. Bildirilib ki, görüşlərdə Qəzza, Livan və İsrail-Fələstin münaqişəsi kimi mühüm gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə və Qətər rəsmiləri bölgədə gərginliyin azaldılması, sabitliyin qorunması və humanitar vəziyyətin daim diqqətdə saxlanmasının vacibliyini xüsusi olaraq vurğulayıblar. Hər iki ölkə regional böhranların həllində diplomatik səylərin birləşdirilməsi barədə razılığa gəliblər.

