Doha Film İnstitutu (DFI) tərəfindən təşkil olunan və 2026-cı ilin noyabrında keçirilməsi planlaşdırılan “Doha Film Festivalı” üçün qısametrajlı filmlərin qəbulu rəsmən açıq elan edilib. “The Peninsula Qatar”ın məlumatına görə, müraciətlər həm yerli, həm də beynəlxalq rejissorlar üçün açıqdır və festivalın əsas məqsədi kinematoqrafiya sahəsində yeni istedadları üzə çıxarmaq və qlobal hekayəçiliyi dəstəkləməkdir.
ArabAZ xəbər verir ki, Festivalın “Bariq”, “Badr” və “Hilal” kateqoriyaları üzrə təşkil edilən müsabiqə bölmələri müxtəlif yaş qruplarına və mövzulara xitab edir. Qəbul edilən qısametrajlı filmlərin müddəti 20 dəqiqədən çox olmamalıdır. Rejissorlar öz müraciətlərini 2026-cı ilin avqust ayının sonuna qədər təqdim edə bilərlər. Seçilmiş filmlər festivalın münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər pul mükafatları, habelə gələcək layihələri üçün istehsalat dəstəyi qazanmaq imkanı əldə edəcəklər.
Doha Film İnstitutunun baş icraçı direktoru Fatma Həsən Əl-Remayhi bildirib ki, qısametrajlı filmlər kinonun ən dinamik formalarından biridir və gənc yaradıcıların öz səslərini dünyaya çatdırması üçün mühüm platformadır. Festival çərçivəsində həmçinin “Made in Qatar” proqramı da keçiriləcək ki, bu da yerli film sənayesinin inkişafına və Qətərin beynəlxalq kino xəritəsindəki mövqeyinin güclənməsinə xidmət edir.

