Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkədə viza müddətini qanunsuz olaraq ötürən əcnəbilərin 50 000 Səudiyyə riyalına (təxminən 13 300 dollar) qədər pul cəzası, altı aya qədər həbs və ölkədən deportasiya olunma təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.
ArabAZ xəbər verir ki, nazirlik bütün şəxsləri Həcc mövsümü qaydalarına ciddi şəkildə riayət etməyə, zəvvarların təhlükəsizliyini və asayişini təmin etmək üçün rəsmi qurumlarla yaxından əməkdaşlıq etməyə çağırıb. Qeyd olunub ki, müəyyən edilmiş hüquqi tənzimləmələri və qaydaları pozan hər bir şəxs qanunvericiliyə uyğun olaraq sərt hüquqi cəzalara məruz qalacaq.
Daxili İşlər Nazirliyi həmçinin ictimaiyyətə müraciət edərək, bu növ viza və qanun pozuntularını müşahidə etdikdə dərhal aidiyyəti orqanlara məlumat verməyi xahiş edib. Vətəndaşlar və sakinlər qayda pozuntuları barədə Məkkə, Mədinə, Ər-Riyad və Şərq vilayətlərində “911”, Krallığın digər bütün bölgələrində isə “999” qaynar xətt nömrələrinə zəng edərək məlumat verə bilərlər.

