Səudiyyə Ərəbistanı Nazirlər Kabineti ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və “Vision 2030” strategiyasının reallaşdırılması istiqamətində inqilabi addım atıb. Kral Salman bin Əbdüləzizin rəhbərliyi ilə keçirilən hökumətin iclasında Səudiyyə vətəndaşı olmayan şəxslərin ölkədə daşınmaz əmlaka sahib olmasını tənzimləyən qanunun icra qaydaları rəsmən təsdiqlənib.
ArabAZ xəbər verir ki, bu yeni qərar xarici fiziki və hüquqi şəxslərin, həmçinin beynəlxalq investorların Krallıq ərazisində mülkiyyət hüququ əldə etməsini əhəmiyyətli dərəcədə sadələşdirir.
Təsdiqlənən icra qaydaları xaricilərin daşınmaz əmlak bazarına çıxışını qanuni çərçivəyə salmaqla yanaşı, mülkiyyət hüquqlarının qorunmasına tam təminat verir. Bu addım ölkənin tikinti, daşınmaz əmlak və turizm sektorlarında kəskin artıma səbəb olacaq strateji islahat hesab edilir. Qərara əsasən, xarici investorlar üçün şəffaflıq təmin ediləcək və mülkiyyət qeydiyyatı rəqəmsal sistemlər üzərindən sürətləndiriləcək.
Nazirlər Kabinetinin bu qərarı, Səudiyyə Ərəbistanını regional və qlobal miqyasda ən cəlbedici investisiya mərkəzlərindən birinə çevirmək hədəfinin tərkib hissəsidir.

