Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı (CBUAE) ölkədə fəaliyyət göstərən xarici bank filiallarından birinə qarşı 20.000.000 dirhəm (təxminən 5,4 milyon dollar) məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə qərar “Mərkəzi Bank və Maliyyə İnstitutlarının və Fəaliyyətlərinin Təşkili haqqında” Federal Fərman-Qanunun müddəalarına və ona edilən dəyişikliklərə uyğun olaraq qəbul edilib.
ArabAZ xəbər verir ki, maliyyə cəriməsi Mərkəzi Bank tərəfindən həyata keçirilən yoxlamaların nəticələrinə əsaslanır. Təftiş zamanı məlum olub ki, sözügedən xarici bank filialı pulların yuyulmasına qarşı mübarizə, terrorizmin və qanunsuz təşkilatların maliyyələşdirilməsi ilə mübarizə, habelə beynəlxalq sanksiyalar rejiminə əməl olunması sistemində ciddi və təkrarlanan nöqsanlara yol verib.
Bundan əlavə, tənzimləyici qurum rəsmi vəzifə öhdəliklərini və funksiyalarını yerinə yetirmədiyi üçün həmin bankın Komplayens xidmətinin rəhbəri və çirkli pulların yuyulması haqqında hesabatlılıq üzrə məsul şəxsini (MLRO) fərdi qaydada 300.000 dirhəm məbləğində cərimələyib.
BƏƏ Mərkəzi Bankı öz nəzarət və tənzimləmə səlahiyyətləri çərçivəsində bank sektorunun və ölkənin maliyyə sisteminin şəffaflığını və bütövlüyünü qorumaq məqsədilə bütün bankların, səlahiyyətli qərar qəbul edən şəxslərin və işçi heyətinin qanunlara, qaydalara və müəyyən edilmiş standartlara tam əməl etməsini təmin etmək əzmində olduğunu bəyan edib.

