Cümə axşamı, 25 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Livan cəbhəsindəki İran izinin şok detalları

İyun 25, 2026 6:43 səhər
Paylaş
Paylaş

Livandakı son müharibənin başlamasından bəri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Hizbullah” ilə yanaşı döyüşün idarə olunmasında birbaşa rol oynadığına dair məlumatlar və faktlar ön plana çıxır. Lakin bu iştirakın miqyası, xarakteri və döyüşlərə qoşulan iranlıların sayı ətrafında böyük bir qeyri-müəyyənlik hökm sürməkdədir. Dəqiq rəqəmlər olmasa da, bir çox faktlar müharibə zamanı Livan ərazisində istər komandanlıq və qarşıdurmaların idarə edilməsi məntəqələrində, istərsə də bilavasitə döyüş meydanında iranlı ünsürlərin və zabitlərin mövcudluğunu təsdiqləyir.

İnqilab Keşikçiləri zabitləri döyüşün mərkəzində

İran İslam İnqilabı Keşikçilərinin Beyruta nəzarətsiz daxil olmasının yaratdığı xaosu məhdudlaşdırmaq məqsədilə, Livanın Baş naziri Nəvaf Səlam ötən mart ayında SEPAH ünsürlərinin Livandakı hər hansı hərbi və ya təhlükəsizlik fəaliyyətinin qarşısının alınması və onların deportasiya edilməsi üçün lazımi tədbirlərin görülməsini tələb etmişdi. Nazirlər Kabineti həmçinin İran vətəndaşlarının Livana daxil olması üçün viza almaq məcburiyyətinin bərpa edilməsi barədə qərar qəbul etmişdi.

İnqilab Keşikçilərinin Livan müharibəsində iştirakına dair ən bariz göstəricilərdən biri martın 8-də Beyrutun Ər-Rövşə rayonundakı “Ramada” otelinə İsrailin təşkil etdiyi hava hücumu zamanı SEPAH zabitlərinin öldürülməsi oldu. İran bu barədə BMT-nin Baş katibinə ünvanladığı rəsmi məktubda məlumat vermişdi. Belə ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani hücumda dörd iranlı diplomatın öldüyünü təsdiqləmiş, daha sonra isə İranda onların İnqilab Keşikçilərinin zabitləri olduğu elan edilərək nekroloqları yayılmışdı.

Beyrutdan sızan məlumatlara görə, iranlılar Beyruta müxtəlif adlara buraxılmış orijinal Livan pasportlarından istifadə edərək daxil olublar və hədəfə alınan otağın daxilindən İnqilab Keşikçiləri ilə əlaqəli digər şəxslərə məxsus əlavə pasportlar da tapılıb.

Bu vəziyyət millət vəkili Qada Əyyubun Kassasiya Baş Prokurorluğuna rəsmi şikayət təqdim etməsinə yol açdı. Deputat, silahlı qruplaşmalarla əlaqəli şəxslərin xeyrinə qanunsuz olaraq və ya saxta adlarla Livan pasportlarının verilməsi barədə yayılan məlumatlar, habelə İnqilab Keşikçiləri ilə əlaqəli şəxslərin real kimliklərini gizlətmək üçün Livan səyahət sənədlərindən istifadə etməsi ilə bağlı araşdırma açılmasını tələb etdi.

Digər hesabatlar da döyüş meydanında birbaşa İran iştirakı barədə fikirləri gücləndirir. Hazırda “Əli ət-Tahir” yüksəkliklərində gedən qızğın döyüşlərin fonunda, KİV-lər yüksək rütbəli İsrail təhlükəsizlik mənbəsinə istinadən bazar ertəsi günü bildiriblər ki, bir qrup İran zabiti Cənubi Livandakı Əli ət-Tahir yüksəkliyi bölgəsində mövcuddur və Livan səhnəsində döyüşün idarə olunmasında, eləcə də əməliyyat fəaliyyətlərinin koordinasiyasında əsas mövqeləri tuturlar. Bu məlumatlara görə, İsrailin həmin bölgədəki quru əməliyyatını dayandırması üçün İranın israr etməsinin əsas səbəblərindən biri, meydanda irəliləyiş davam edəcəyi təqdirdə həmin zabitlərin həyatı üçün yaranan qorxu və ya onların əsir düşmə ehtimalı olub.

Bununla paralel olaraq, son iki gündə media və rəqəmsal platformalarda İnqilab Keşikçilərinə aid edilən elanlar dövriyyəyə buraxılıb. Həmin elanlarda “Hizbullah”ın tərəfindən döyüşmək istəyənlərə 1000 ABŞ dollarına qədər maaş təklif olunur ki, bu da Livan ərazisində gedən müharibədə İranın iştirakının miqyasının növbəti göstəricisidir.

“Vahid cəbhə və müştərək əməliyyat otağı”

Bu kontekstdə istefada olan hərbi ekspert, briqada generalı Həsən Cuni hesab edir ki, “Hizbullah” ilə İran arasındakı struktur-üzvi əlaqənin xarakteri Livan və İran cəbhələrini bir-birindən ayırmağı çətinləşdirir. O, “Əş-Şərq əl-Avsat” qəzetinə bəyan edib ki, : “Müharibədə baş verənlər açıq şəkildə nümayiş etdirdi ki, hər iki cəbhə müştərək əməliyyat otağı və vahid əməliyyat planı çərçivəsində tək bir cəbhə kimi idarə olunur. Buradakı məqsəd İsrailin hava hücumundan müdafiə sistemlərini yayındırmaq və tükəndirmək idi”. O əlavə edib ki, bu iş üslubu döyüşün idarə edilməsində və qərar qəbulunda vəhdəti əks etdirir və təsdiqləyir ki, qarşıdurma iki ayrı cəbhədən ibarət deyil, əksinə, İranla “Hizbullah” arasında birbaşa koordinasiyaya tabe olan qarşılıqlı əlaqəli əməliyyat meydanıdır.

Əməliyyatların idarə edilməsindən döyüş meydanına

Əgər İran zabitlərinin əməliyyat otaqlarında mövcudluğu artıq qəti bir fakt sayılırsa, yerdəki iranlı döyüşçülərin sayı qeyri-müəyyən olaraq qalır. Bu mövzuda, “Hizbullah”a yaxınlığı ilə bilinən siyasi təhlilçi doktor Qasım Qasir iki gün əvvəl müharibədə 50 min iranlı döyüşçünün iştirak etdiyini və onlardan 10 mininin öldürüldüyünü bildirməklə böyük bir mübahisə və təəccüb dalğası yaratmışdı. Lakin Qasir sonradan bu sözlərinin müharibəni Livan torpaqlarında birbaşa İran-İsrail qarşıdurması kimi təsvir edən iddialara cavab olaraq deyildiyini bildirib və vurğulayıb ki, onun istifadə etdiyi mübaliğə bu rəqəmlərin qeyri-real olduğunu göstərmək məqsədi daşıyıb. O, “Əş-Şərq əl-Avsat”a deyib: “Bəhs etdiyim rəqəmlərdəki mübaliğə bu mövzunun doğru olmadığının sübutudur”.

Digər tərəfdən, siyasi təhlilçi Əli əl-Amin diqqətə çatdırır ki, son müharibə başladığı andan etibarən Livan torpaqlarında faktiki olaraq İran-İsrail qarşıdurması xarakterini daşıyıb və o, ilk növbədə Beyrutdakı oteldə öldürülən İnqilab Keşikçiləri zabitlərini xatırladıb.

“2024-cü ildə “Hizbullah”ın birinci nəsil rəhbərliyinin, xüsusən də baş katib Həsən Nəsrullahın, habelə elit komandirlərin və Rizvan qüvvələrinin rəhbərliyinin sui-qəsdlə qətlə yetirilməsindən sonra partiyanın komandanlıq strukturunda böyük bir vakuum yarandı. Bu vəziyyət döyüşü idarə etmək və əməliyyatlara nəzarət etmək üçün İnqilab Keşikçilərinin komandir və zabitlərinin Livana gəlməsini şərtləndirdi. Onlar sıravi döyüşçülər deyildilər, əksinə komandanlıq, koordinasiya və cəbhə xətlərinin idarə edilməsi missiyasını öz üzərinə götürən yüksək səviyyəli mütəxəssis zabitlər idilər”-deyə o bildirib.

 O əlavə edib ki, İnqilab Keşikçiləri ilə “Hizbullah” arasında sadəcə iki ayrı müttəfiq arasındakı münasibət deyil, daxili olaraq bir-birinə inteqrasiya etmiş təşkilati və hərbi struktur mövcuddur.

Cənubda qeyri-Livan vətəndaşlarının cəsədləri

Əl-Amin cənubda çox sayda qeyri-livanlı döyüşçünün mövcudluğundan bəhs edərək deyib: “Atəşkəsdən sonra cənub kəndlərində cəsədlərin dağıntılar altından çıxarılması əməliyyatları başladı, lakin bəzi bölgələrdə yerli əhalidən ilk mərhələdə oraya getməmək tələb olundu”. O əlavə edib: “Dağıntıların miqyası əsas səbəbdir, lakin digər bir səbəb isə evlərin uçqunları altında çox sayda qeyri-livanlı cəsədinin olmasıdır. Onların arasında iranlılar, düşərgələrdən olan fələstinlilər var, həmçinin döyüşlərdə iraqlıların da iştirak etdiyinə dair məlumatlar mövcuddur”.

O, sözlərinə belə davam edib: “İranlılar döyüşün idarə edilməsinin əsas parçası olaraq, sadəcə əməliyyat otaqlarında deyil, eyni zamanda bəzi cəbhə xətlərində də bilavasitə mövcud idilər. Bunun qarşılığında isə insan itkilərinin miqyası ətrafında böyük bir gizlilik tətbiq olunurdu. Belə ki, “Hizbullah” artıq əvvəlki kimi ətraflı nekroloq bəyanatları dərc etmir, yalnız yüksək rütbəli komandirlərin ölümünü elan etməklə kifayətlənirdi. Bu isə ölənlərin real sayı və bəzilərinin kimliyi ətrafında suallar doğururdu”.

O qeyd edib ki, “cəsədlərin çıxarılması əməliyyatları yalnız “Hizbullah” və İslam Səhiyyə Qurumu tərəfindən həyata keçirilir, Qırmızı Xaç isə prosesdən uzaq tutulur”. O əlavə edib: “Bunun bir mənası varsa, o da real kimliklərinin və ya vətəndaşlıqlarının bəyan edilməsi istənilməyən, yaxud rəsmi olaraq elan edilən livanlı qurbanların siyahısına daxil edilməsi nəzərdə tutulan şəxslərin mövcudluğudur”.

“Hizbullah” sıralarında min ölü və 500 itkin

Digər tərəfdən, Qasir “Hizbullah” döyüşçülərinin sayında hər hansı bir böhranın olduğunu təkzib edərək hesab edir ki, hazırkı döyüşün xarakteri artıq əvvəlki mərhələlərdə tələb olunan sayda qüvvə tələb etmir və “Hizbullah”ın qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün kifayət qədər döyüşçüsü var. “Hizbullah” öz itkilərinin sayını açıqlamasa və bu müharibənin əvvəlindən bəri nekroloq yaymağı dayandırsa da, Qasir son müharibədə ölənlərin sayını təxminən min döyüşçü, itkin düşənlərin sayını isə 500 nəfər civarında qiymətləndirir. O vurğulayıb ki, hər hansı bir İran döyüşçüsünün və ya zabitinin döyüşdə həlak olması gizlədilə bilən bir məsələ deyil və Rövşə otelində dörd İran zabitinin həlak olmasının elan edilməsi sübut edir ki, analoji İran itkiləri olsaydı, rəsmi şəkildə mütləq bəyan edilərdi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Təhlil

Süni intellekt dövləti: Körfəz hökumətləri texnologiyanı necə kritik infrastruktura çevirdi?

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə Həcc modelini kökündən yenilədi

Müəllif:
mail.azerpress@gmail.com
İran

İranda ərəblərə qarsı repressiyalar davam edir

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Zəvvarlar bu qaydalara riayət etməlidir

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.