Məkkənin ən məşhur islami və tarixi məkanlarından olan Nur dağı (digər adı ilə “İşraq təpəsi”) Məscidül-Həramın şimal-şərqində yerləşir. Hündürlüyü təxminən 640 metr olan bu dağın zirvəsindəki Hira mağarası İslam tarixində müqəddəs yer sayılır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) peyğəmbərlikdən əvvəl məhz bu mağarada təkliyə çəkilərək ibadət edib. İslamda ilk vəhy — Ələq surəsinin “Yaradan Rəbbinin adı ilə oxu!” ayəsi də ilk dəfə burada nazil olub.
Əvvəllər bu mağaraya qalxmaq zəvvarlar üçün çox çətin idi. Dik və sıldırım qayalıq cığırlarla piyada dırmaşmaq 2 saata yaxın vaxt aparırdı. Hətta isti hava və yorğunluq səbəbindən zəvvarların yıxılması və xəsarət alması halları tez-tez baş verirdi.
Məkkə Şəhəri və Müqəddəs Məkanlar Kral Komissiyası zəvvarların təhlükəsizliyini təmin etmək üçün ərazini müasir mədəniyyət və turizm mərkəzinə çevirib. Nur dağının ətəyində qurulan “Hira Mədəniyyət Məhəlləsi” həm bu tarixi məkanın mənəvi dəyərini qoruyur, həm də ziyarətçilərə müasir texnologiyalarla xidmət göstərir. Bu layihə sayəsində dağa qalxmaq qorxulu və yorucu olmaqdan çıxıb, rahat gəzintiyə çevrilib.
Kompleksin daxilində zəvvarlar üçün aşağıdakı mərkəzlər yaradılıb:
Ziyarətçi mərkəzi: Ərazi, onun tarixi əhəmiyyəti və göstərilən xidmətlər barədə ilkin məlumat verir.
Vəhy sərgisi: Peyğəmbərlərə vəhy gəlməsi tarixini interaktiv üsullarla təqdim edir. Sərgidə İslam peyğəmbərinə ilk vəhyin enməsi və Həzrəti Xədicənin ona mənəvi dəstəyi səsli və görüntülü şoularla canlandırılır.
Qurani-Kərim muzeyi: Müqəddəs kitabımızın yazılma və toplanma tarixini əks etdirir. Burada nadir əlyazmalar rəqəmsal ekranlarda nümayiş olunur.
Mədəniyyət kitabxanası: Məkkə və Mədinənin tarixinə, peyğəmbərin həyatına (Siyər) dair zəngin kitab fonduna malikdir.
Hira parkı: Zəvvarların dincəlməsi üçün yaşıl və açıq istirahət zonasıdır.
Dağ evləri (Otellər): Nur dağına birbaşa mənzərəsi olan xüsusi hotel tipli koteclərdir.
Ticarət obyektləri: Məkkənin milli mətbəxinə uyğun restoranlar, kafelər və xatirə hədiyyələri dükanları fəaliyyət göstərir.
Səudiyyə qəhvəsi muzeyi: Ölkənin fərqli bölgələrinə məxsus qəhvə mədəniyyətini və onun qədim hazırlanma qaydalarını nümayiş etdirir.
Hira Mədəniyyət Məhəlləsi zəvvarların Məkkədəki dini biliklərini artıran, ilk vəhy hadisəsini müasir və cəlbedici üslubda çatdıran mükəmməl bir mərkəzə çevrilib.

