Amerika Birləşmiş Ştatları bir neçə ay əvvəl dayandırdığı ABŞ dollarının nəqd şəkildə İraqa göndərilməsini yenidən bərpa edib. İraqlı rəsmilərin bildirdiyinə görə, Vaşinqton dollar axınını kəsməklə “İraq hökumətinə təzyiq etməyə və onu İrandan uzaqlaşdırmağa” çalışırdı.
ArabAZ xzəbər verir ki, İraqın Baş naziri Əli əz-Zeydi ötən bazar ertəsi “Asharq Al-Awsat” qəzetinə verdiyi eksklüziv müsahibədə Vaşinqtonun dondurduğu “nəqd dollar yüklərinin artıq Bağdada çatdığını” bəyan edib. O, nəqd pulun hərəkəti ilə bağlı yaranan bəzi şübhə və narahatlıqların tamamilə aradan qaldırıldığını diqqətə çatdırıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası cari ilin aprel ayında nağd pul dövriyyəsindən asılı olan İraqa dollar axınını dondurmuşdu. Vaşinqton İraqın neft satışından əldə etdiyi və Nyu-York Federal Ehtiyat Bankındakı hesablarında toplanan vəsaitlərin Bağdada nağd şəkildə ötürülməsini bloklamışdı. İki ölkə arasındakı uzunmüddətli strateji müttəfiqlik fonunda bu addım olduqca fövqəladə bir cəza tədbiri sayılır. Həmin vaxt iraqlı rəsmilər Vaşinqtonun İraq təhlükəsizlik orqanları ilə əməkdaşlığı və onların maliyyələşdirilməsini də dayandırdığını bildirmişdilər. “The New York Times” qəzetinə danışan rəsmi mənbə bu hərbi-təhlükəsizlik məhdudiyyətlərinin hələ də qüvvədə qaldığını təsdiqləyib.
Siyasi təzyiqlər və pul köçürmələri
Vaşinqtonun bu sanksiya xarakterli addımları İraqda yeni baş nazirin seçilməsi dövrünə təsadüf edirdi. ABŞ hökuməti bu gedişlə İrana yaxın olan namizədlərin baş nazir kürsüsünə əyləşməsinin qarşısını almağa cəhd göstərirdi. Digər tərəfdən, ABŞ rəsmi Bağdaddan ölkədə fəaliyyət göstərən, dövlət nəzarətindən kənar olan və zaman-zaman ABŞ-nin İraqdakı hərbi obyektlərinə zərbələr endirən İranpərəst silahlı qruplaşmaların (milislərin) fəaliyyətini tamamilə cilovlamağı tələb edirdi.
İraqın yeni Baş naziri Əli əz-Zeydinin sözçüsü Heydər əl-Abudi dollar yüklərinin gəlişini təsdiqləyərək “Problem tamamilə həll olunub” deyib. Baş nazirin maliyyə məsləhətçisi Məzhər Məhəmməd Saleh də pul köçürmələrinin bərpa edildiyini vurğulayıb.
Qeyd edək ki, bir neçə il əvvəl ABŞ və İraq arasında əldə olunmuş beynəlxalq bank qaydalarına əsasən, İraqın Nyu-York Federal Ehtiyat Bankındakı valyuta ehtiyatlarından nağd dollar köçürmələrinə ciddi şəffaflıq nəzarəti tətbiq edilir. Bu qaydaların əsas məqsədi dolların qanunsuz yollarla cinayətkar qruplara, çirkli pulların yuyulması şəbəkələrinə və başda İran olmaqla qonşu ölkələrdəki silahlı qruplaşmalara ötürülməsinin qarşısını almaqdır.
İraq Mərkəzi Bankı ölkədəki şirkətlərin və fərdlərin idxal etdikləri malların pulunu ödəmək üçün Nyu-York Federal Ehtiyat Bankındakı hesabından hər gün rəsmi pul köçürmələri həyata keçirir. İraqda beynəlxalq bank hesabına malik yerli şirkətlərin sayı olduqca az olduğundan bu gündəlik köçürmələr ölkə iqtisadiyyatı üçün hayati əhəmiyyət daşıyır.
İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) rəsmi mənbələrinin ötən aylarda verdiyi məlumata görə, ABŞ-nin aprel ayında dolların göndərilməsini dayandırmasının ən böyük səbəblərindən biri məhz İranın dəstəklədiyi qruplaşmaların həyata keçirdiyi nəqd dollar qaçaqmalçılığının qarşısını almaq olub.
Əli əz-Zeydi aprelin sonlarında – ABŞ sanksiyalarından dərhal sonra hökumət başçısı vəzifəsinin icrasına başlayıb. Vaşinqton onun bu posta gəlişinə etiraz etməyib və yeni baş nazir ilk günlərdən ölkədəki İranpərəst milislərin təsirini azaltmaq üçün kəskin addımlar atıb. Onun verdiyi ilk rəsmi sərəncamlardan biri İraqdakı bütün silahlı qruplaşmaların birbaşa dövlətin rəsmi nəzarətinə və ordunun tabeliyinə verilməsi olub. İraq uzun illərdir ki, özünün ən böyük iki tərəfdaşı olan ABŞ və İranın bölgədəki nüfuz müharibəsinin arasında sıxışıb qalır və bəzən bu tərəflərin birbaşa və ya dolayı toqquşma poliqonuna çevrilir.

