Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi ilə Keniyanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında ev işçilərinin cəlb edilməsini tənzimləyən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
ArabAZ xəbər verir ki, Riyadda baş tutan rəsmi imzalanma mərasimində Səudiyyə tərəfindən nazir müavini Abdullah Abutnayn, Keniya tərəfindən isə nazir Alfred Nqanqa Mutua iştirak edib. Səudiyyə Ərəbistanı və Keniya Siyasi Məsləhətləşmələr Komitəsinin ilk iclası çərçivəsində reallaşan tədbirə hər iki ölkənin xarici işlər nazirləri – şahzadə Faysal bin Fərhan və Musalia Mudavadi də qatılıb.
Müqavilə Keniyadan Səudiyyə Ərəbistanına gələn ev işçilərinin qanuni və daha səmərəli şəkildə işə qəbulunu təmin etmək məqsədi daşıyır. Sənəd həm işəgötürənlərin, həm də işçilərin hüquqlarını qorumaq, tərəflər arasındakı müqavilə münasibətlərini hüquqi çərçivəyə salmaq və iki ölkə arasında əmək miqrasiyası sahəsində ikitərəfli əməkdaşlığı müasirləşdirmək hədəfinə xidmət edir.

