“Səyahət insanı əvvəl heyran edir, sonra isə nağılçıya çevirir” – İbn Battuta. İslam dünyasının ən məşhur səyyahlarından olan İbn Battuta, müasir dövrə qədər yaşamış bütün digər yolçulardan daha çox məsafə qət edib. O, ömrü boyu təxminən 117 min kilometr yol keçib və bu göstərici ilə orta əsrlərin ən böyük səyyahı kimi tarixə düşüb. Səfərlərinin miqyasına görə o, məşhur Zheng He (50 min km) və Marko Polonu (24 min km) xeyli geridə qoyub.
İbn Battuta 1304-cü ildə Mərakeşin Tanjer şəhərində, bərbər (əmaziq) mənşəli hüquqşünas ailəsində anadan olub. O, 21 yaşında Həcc ziyarəti üçün təkbaşına Məkkəyə yola düşüb. Lakin bu səfər onun həyatında dönüş nöqtəsi olub. İslam dünyasında Həcc yolçuluğu zamanı zəvvarların müxtəlif şəhərlərdə tanınmış alimləri ziyarət etməsi və onlardan dərs alması bir ənənə idi. Bu elmi mühit İbn Battutanı cəlb edib və onun səyahətlərini 30 il davam edəcək böyük bir dünya turuna çevirib.
Moqadişudan Çinə uzanan fırtınalı yollar
Məkkədən ayrıldıqdan sonra o; İran, İraq, Azərbaycan, Yəmən və Şərqi Afrika sahillərini gəzib. Səyyah Moqadişu, Keniya və Tanzaniya limanlarını araşdıraraq bu bölgələrin sosial-mədəni həyatını qələmə alıb. Onun səfərləri olduqca təhlükəli keçib. Hindistanda quldur hücumlarına məruz qalıb, Kalikut yaxınlığında gəmi qəzasından sağ çıxıb. Bütün çətinliklərə baxmayaraq, o, səyahətini dayandırmayıb, Monqolustan ərazilərinə və nəhayət Çinə qədər gedib çıxıb. Çin onun səfərlərində son nöqtə olub və o, 1349-cu ildə doğma vətəni Mərakeşə, Tanjer şəhərinə geri dönüb.
İbn Battuta 30 illik müşahidələrini məşhur “Rihla” (Yolçuluq) səyahətnaməsində cəmləşdirib. Bu fundamental əsər XIV əsr müsəlman dünyasının sosial, mədəni və siyasi tarixi üçün əvəzsiz mənbədir. Kitab orta əsr İslam coğrafiyasının gündəlik həyatı, idarəçilik formaları, ticarət yolları və xalqlararası mədəni əlaqələr haqqında unikal məlumatlar təqdim edir. Rihlanı tamamladıqdan sonra o, Mərakeşdə hakim (qazi) kimi çalışıb və təxminən 1368-ci ildə vəfat edib.
Katalan Atlasındakı Mansa Musa izi
Dahi səyyahın tarixi izlərinə məşhur xəritələrdə də rast gəlinir. 1375-ci ildə Abraham Kreskes tərəfindən hazırlatdırılmış məşhur “Katalan Atlası”nda, dəvənin sol alt hissəsində təsvir olunan fiqurun, böyük Mali hökmdarı Mansa Musanı ziyarətə gedən İbn Battuta olduğu ehtimal edilir. Bu atlas Qərbi Afrikadan Avropaya, Aralıq dənizinə və Yaxın Şərqə uzanan qızıl ticarətini və dövrün qloballaşmasını simvolizə edən mühüm sənədlərdən biridir. İbn Battuta göstərdiyi şücaət və bəşəriyyətə verdiyi töhfələrə görə bu gün də İslam dünyasında böyük ehtiramla xatırlanır.

