“Saudia Group” (Səudiyyə Ərəbistanı Hava Yolları Qrupu) yük daşıma imkanlarını genişləndirmək və “Saudia Cargo” şirkətinin donanmasını gücləndirmək məqsədilə ABŞ-nin təyyarə istehsalçısı “Boeing” şirkəti ilə dörd ədəd “Boeing 777-200 Freighter” tipli yük təyyarəsinin alınmasına dair rəsmi müqavilə imzalayıb. Bu strateji addım Krallığın “Vizyon 2030” proqramı çərçivəsində qlobal logistika mərkəzinə çevrilmək hədəflərinin mühüm tərkib hissəsidir.
ArabAZ xəbər verir ki, Ciddə şəhərində keçirilən rəsmi imzalanma mərasimi “Saudia Group”un baş direktoru İbrahim əl-Ömərin iştirakı ilə baş tutub. Müqaviləyə əsasən, sifariş edilən ilk yük təyyarəsinin 2026-cı ilin dördüncü rübündə qrupa təhvil verilməsi planlaşdırılır. Sənədi “Saudia Group”un donanma idarəçiliyi üzrə vitse-prezidenti Saleh Eid, “Saudia Cargo”nun icraçı direktoru Loay Maşabi və “Boeing Saudi Arabia” şirkətinin prezidenti Əsəd əl-Cumai imzalayıblar.
Bu irihəcmli sifariş “Saudia Cargo” şirkətinin son illərdə nümayiş etdirdiyi güclü iqtisadi artım dövrünə təsadüf edir. Şirkət 2024 və 2025-ci illər ərzində öz qlobal şəbəkəsi vasitəsilə 1,15 milyon tondan çox yük daşıyıb. Sözügedən dövrdə aviaşirkət gəlirlərdə, milli ixracatın həcmində və transsərhəd elektron ticarətdə davamlı artım qeydə alıb, eyni zamanda uçuşların vaxtında yerinə yetirilməsi göstəricisini 90 faizdən yuxarı saxlamağı bacarıb.
“Bu razılaşma qrupumuzun uzunmüddətli inkişaf strategiyasının icrasında mühüm mərhələdir və Səudiyyə Ərəbistanının inteqrasiya olunmuş aviasiya ekosistemini gücləndirməyə yönəlmiş davamlı investisiyalarımızı əks etdirir. Yük daşıma donanmamızı genişləndirməklə biz ‘Saudia Cargo’ya artan qlobal tələbatı qarşılamaq, mühüm beynəlxalq bazarlar arasında əlaqəni gücləndirmək və Krallığın aparıcı logistika mərkəzinə çevrilmək ambisiyalarına töhfə vermək imkanı yaradırıq”.-deyə, “Saudia Group”un baş direktoru İbrahim əl-Ömər bildirib.
Bu investisiya Səudiyyə Ərəbistanının Şərqlə Qərbi birləşdirən strateji logistika qovşağı kimi mövqeyini möhkəmləndirir. Yeni yük təyyarələri istismara verildikdən sonra “Saudia Cargo”nun şəbəkəsi dörd qitəni əhatə edəcək, mühüm beynəlxalq ticarət marşrutlarında xüsusi yük tutumunu artıracaq və Səudiyyə Ərəbistanı ilə dünyanın böyük kommersiya və sənaye mərkəzləri arasındakı əlaqələri daha da dərinləşdirəcək. İbrahim əl-Ömər əlavə edib ki, bu təyyarələr şirkətin əməliyyat imkanlarını və şəbəkə çevikliyini artıracaq, milli ixracın və transsərhəd ticarətin davamlı böyüməsini dəstəkləyəcək.
Boeing ilə 75 illik köklü tərəfdaşlıq
“Boeing Commercial Airplanes” şirkətinin Yaxın Şərq üzrə kommersiya satışı və marketinqi üzrə vitse-prezidenti Ömər Arekat isə bu sifarişin həm təyyarələrin keyfiyyətinə, həm də iki şirkət arasındakı köklü əlaqələrə olan inamın göstəricisi olduğunu qeyd edib.
” ‘Saudia Cargo’nun ‘Boeing 777’ yük təyyarələrinə üstünlük verməsi bu hava gəmisinin misilsiz performansının və çoxfunksiyalılığının sübutudur. Bu müqavilə ‘Saudia Group’ ilə 75 ildən artıq dövrü əhatə edən tarixi tərəfdaşlığımızı daha da gücləndirir və biz onların yük daşımalarının artırılması təşəbbüslərini bundan sonra da dəstəkləməyi səbirsizliklə gözləyirik”.- deyə o əlavə edib.
“Saudia Group” rəsmiləri bəyan ediblər ki, əldə olunmuş razılaşma strateji donanma planlaması ilə operativ icranın Krallığın ümumi aviasiya və logistika hədəflərinə necə xidmət etdiyini aydın şəkildə nümayiş etdirir.

