Suriya İqtisadiyyat və Sənaye Nazirliyi ilə Hələb Valiliyinin birgə təşkilatçılığı ilə keçirilən Sənaye və Kənd Təsərrüfatı İstehsalı Sərgisi, 15 illik məcburi fasilədən sonra yenidən qapılarını iştirakçıların üzünə açıb. İqtisadiyyat və Sənaye Naziri Nidal Əl-Şaar və Hələb Valisi Əzzam Əl-Qərib tərəfindən rəsmi açılışı edilən tədbirdə çox sayda iqtisadi, sənaye və ticarət nümayəndələri iştirak edib. ArabAZ xəbər verir ki, İiyulun 18-dək davam edəcək sərginin əsas məqsədi milli sənayeni dəstəkləmək, yerli istehsalı gücləndirmək və sənayeçilərə öz məhsullarını bazara çıxarmaq üçün yeni investisiya imkanları yaratmaqdır.
“İqtisadi dirçəliş prosesində mühüm addım”
Hələb Valisi Əl-Qərib sərginin yenidən bərpa olunmasının şəhərin iqtisadi dirçəliş prosesində mühüm bir dönüş nöqtəsi olduğunu vurğulayıb. Valiliyin regionda investisiya mühitini dəstəkləmək və məşğulluğu artırmaq üçün aktiv çalışdığını qeyd edən Əl-Qərib, yerli istehsalın təşviq edilməsinin vacibliyinə diqqət çəkib.
Hələb Valiliyinin Sənaye Sektorundan Məsul İcraiyyə Komitəsinin Üzvü, mühəndis Yusif Əl-Şibli isə sərginin şəhər mərkəzində yenidən təşkil edilməsinin iqtisadi canlılığın geri qaytarılmasını simvolizə etdiyini bildirib. Əl-Şibli iyulun 2-də Dəməşqdə baş verən terror aktı səbəbindən sərginin rəsmi bayram tədbirləri və şou proqramları olmadan, daha sadə formatda keçirildiyini, lakin inkişaf layihələrinin dayandırılmadan davam edəcəyini vurğulayıb.
100-ə yaxın yerli şirkət iştirak edir
Sərginin direktoru Abdulla Osu tədbirdə fərqli sektorlardan təxminən 100 firmanın rəsmi stendlərlə iştirak etdiyini, hətta növbədə gözləyən ehtiyat şirkətlərin də olduğunu bildirib. Osu vətəndaşlara birbaşa xidmət göstərmək məqsədilə bir çox dövlət qurumlarının və ictimai müdiriyyətləyin də sərgi sahəsində yer aldığını əlavə edib.
İlk dəfə 1959-cu ildə təsis edilən və regionun ən mühüm iqtisadi rəmzlərindən biri hesab olunan Hələb sərgisi, mühəndislikdən tutmuş qida sənayesinə qədər müxtəlif sahələrdə istehsal olunan yerli məhsulların qlobal miqyasda nümayişinə şərait yaradır.

