Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Yenə Suriyada proseslər başladı. Bu mövzuda yazan danışan hər kəsi çalışıram izləyim. Hər kəs məsələyə öz baxış bucağından yanaşır. Kimisi bir sünni olaraq baxır, kimisi şiə kimi baxır. Kimisi İrana sevginin pikində baxır. Kimisi Türkiyəyə sevginin pikində baxır. Kimisi bir ulusal millətçi kimi baxır. Kimisi Qərb sevgisi ilə baxır. Mən necə baxmaq istəyirəm? Mən bir müsəlmanam, bir sünni sayılıram, namazıma niyazıma baxsanız, dini etiqadi düşüncəmə baxsanız. Bir Azərbaycanlıyam. Köküm də bildiyim yeddi babaya qədər türkəm. Amma mən Suriyada son günlər baş verənlərə obyektiv baxmağa çalışacam təbii ki. Bu yazım bəlkə də, çox insanın xoşuna gəlməyəcək. Mənim haqqımda öz aralarında Azər müəllim axır vaxtlar deyib söz danışacaqlar. Təbii ki, bir çoxunun bu sözləri məni almaz. Suriyada nə baş verir son günlər?
Rəsulullah deyir ki, müsəlman bir yerdən iki dəfə dişlənilməz. İndi də düşünürəm ki, deyəsən müsəlmanlar ikinci dəfə eyni yerdən dişlənirlər. Bunu açıqlayacam inşaAllah. Tarixə gedəcəm, misallar verəcəm. Amma ilk öncə sizə aşağıdakı məsələlərə diqqət etməyinizi xahiş edirəm.
Qəzzada müharibə gedir. İsrail burada ciddi bir müqavimətlə üzləşir. Ancaq bölgədə humanitar fəlakət yaşanır. Daha sonra İsraillə Hizbullah arasında müharibə başlayır. Burada relyef səbəbindən İsrail ordusu Qəzzada olduğu kimi tanklardan istifadə edə bilmir. İsrail ordusu kifayət qədər güclü ordudur. Onun gücünün əsasında yüksək texnologiylar durur. Bir də onunla vuruşmuş ərəb ölkələrinin hərbi hava və müdafiə sistemlərinin zəifliyi, ərəblər rəsmi ordularının zabit heyətinin əksər hissəsinin lazımi səviyyədə olmaması. Lakin assimetrik ərəb qüvvələri, HƏMAS və Hizbullah İsrailin çox asanlıqla məğlub etdiyi ərəb dövlətləri kimi vuruşmurlar. Əslində, elə o ərəb dövlətlərinin mövcudluğunu da haradasa assimetrik ərəb qüvvələri qorumaqdadır. Hər nə qədər ərəb dövlətləri bunu sevməsə də. Bu müharibədə İsrail höküməti daxilində ciddi probemlər yaşandı. Qallant istefa verdi. Natanyahu isə Cinayət Məhkəməsinin həbs qərarı ilə üzləşdi. Dünya müharibə əleydarları Fələstin xalqını dəstəklədi. Amerika İsraili hər halı ilə qoruyacağını desə də, beynəlxalq ictimaiyyətin təzyiqi ilə üzləşdi. Ağıllı Amerika. Sən necə də ağıllısan, Romasan, necə maraqlı planlar qurursan.
Dərhal nə edirsən. Dünənə kimi dirənən Zelenski birdən çıxır deyir ki, torpaqları qaytarmadan müharibəni dayandıra biləcəyini deyir. Rusiya bundan məmnun. Bu o deməkdir ki, pulu getməyəcək, adamı ölməyəcək. Ukraynanın ərazisinin 20 faizinə də nəzarət edəcəkdir. Təbii ki, bu jestə qarşı da bir jest lazımdır. 1945-ci ildə Sovet Ordusu Cənubi Azərbaycan girmişdi. 1946-cı ildə Qərbi Berlindən pay alan və Şərqi Avropaya yolu açılan Stalin Cənubi Azərbaycandan çəkildi. Oradakı höküməti İrana nəzarət etmək mübarizəsində bir biri ilə mübarizə aparan Amerika və İngiltərəyə verdi. İndi də Rusiya Suriyada var. Əsədin arxasından ya tamamilə, ya qismən çəkilə biləcəyi halda Ukraynada qazanacaqsa bunu sevə sevə edər. Amerikada yeni dönəm gəlir. Tramp dönəmi. Tramp isə əvvəl Rusiyaya qarşı Bayden kimi olmayıbdır.
İndi gələk canımız Türkiyəyə. Türkiyə bizim canımızdır. Türkiyənin uğurlarına sevinirik. Amma şəxsim adına deyirəm ki, bu uğur onun uğuru olsun. Həm də onun uğuru olmasın. 2011-ci ildə Suriyada başlanan prosesdə Türkiyə siyasəti çox oynadı.
Hətta bir dəfə Suriya türkmənlərinin Əbdülhəmid tuqayı komandiri dedi ki, türk qardaşlarımız deyir ki, biz deyəndə tutduğunuz yerlərdən çəkilin. Axı biz bu yolda şəhidlər vermişik. Türkiyə gah sərhədlərindən minlərlə insanın Suriyaya getməsinə göz yumdu. Dünyanın bir çox yerindən inanclı insanlar zənn etdikləri inancları gərəyi Suriyaya yönəldilər. Ən aktiv, cavan, potensiallı insanlar orada dini görüşlərində radikal çalarlar olan qruplara qoşuldular. Səudiyyədən, ərəb ölkələrindən gələn emmisarlar da başladılar ki, Suriyada sünnilər qırılır, əhli-süünəni müdafiə eləmək lazımdır. Duyğu istismarı başladı. Əsədə qarşı sosial zəmində başlanan münaqişə bir məzhəb savaşına döndü. Burada dayanın, indi deyəcəksiniz ki, bəs İran? Onu da yazacam inşaAllah. Daha sonra ortaya İŞİD çıxdı. Bu qurum hamını təkfir etdi, ekranlar qarşısında insanları diri diri yandırdı. Suriyada onu əqidəsində olmayan hər kəslə vuruşdu. Belə bir vəziyyətdə Türkiyə İŞİD ilə mübarizəyə başladı. Bu təbii idi. Çünki Türkiyə özünün və əhalisinin təhlükəsizliyini qorumalı idi. Amma bir zamanlar öz ərazsindən keçib gedən bu kütlənin qarşısını zamanında almamışdı. Türkiyənin Suriyanın şimalına tampon bölgənin yaranması üçün həyata keçirdiyi əməliyyatlar da təbii idi, olmalı idi. Çünki buradan gələ biləcək təhlükənin qarşısı alınmalı idi. Burada YPG-PYD təhlükəsi var idi.
Fəqət Türkiyə daxilində hər kəs Türkiyənin xarici siyasət addımlarını eyni cürmü görürdü? 2002-ci ildə AKP-nin başlayan iqtidarının böyük hissəsində AKP-nin kadr çatışmazlığını Gülən camaatı konpensasiya etmişdi. Bir dəfə heç yadımdan çıxmaz bir iş adamı 2011-ci ildə mənə dedi ki, görərsən Gülən camaatı tam Türkiyəni götürücükdir.
Mən də dedim ki, mümkün deyildir, bunun üçün Ərdoğanla savaşmaları lazımdır. Ərdoğan siyasi portreti isə hakimiyyəti paylaşmaz. Belə də ki, bu da normal idi. 2012-ci ildən Ərdoğanla Gülən camaatı arasında problem yaşanmağa başladı. 2012-2016-cı illərdə mübarizənin sonunda Gülən hərəkatı FETÖ-yə çevrildi. FETÖ kadrları sistemdən uzaqlaşdırıldığı zaman bürokratiyada onların yerini ulusal millətçilər, kamalistlər tutmağa başladı. 2016-cı ildən sonra Türkiyə xarici siyasəti iddia edilən ümmətçi cizgidən ulusal millətçi cizgiyə keçməyə başladı. İfadələr, söyləmlər. Maraqlısı odur ki, Bahçeli-Ərdoğan ittifaqı yarandı. Bu başa düşüləndir. Çünki MHP-nin ideoloji dünyasında aşırı sekulyarlıq yoxdur.
Amma artıq Doğu Perincək kimi insanların da yeni cizgiyə dəstək verməsi onu göstərdi ki, Türkiyə hər hansı isə istənilən ölkə kimi milli maraqlarından çıxış edirdi. Mənim buna etirazım qəti yoxdur. Bu bizə də uyğun idi. Azərbaycan-Türkiyə əməkdaşlığı türkçülük və qarşılıqlı maraqlar üzərində qurulmuş və Qarabağın azad edilməsi ilə nəticələnmişdi. Lakin Türkiyə eyni əsaslarda Yaxın Şərqdə davrana bilməz. Onun Suriyada fəaliyyətləri hər nə qədər ziddiyyətli olsa da bir ulus dövlət davranışları idi. Ümmət lideri falan deyil, Türkiyə. Bunu bilsin bizim bəzi ümmətçilər. Ona görə Türkiyənin davranışlarına duyğu yükləməyə ehtiyac yoxdur.
Dünənə qədər Əsəd ilə Ərdoğan yaxınlaşma ehtimalları həd safa olduğuna baxmayaraq qəfildən Suriyada savaş alovlanır. Ağıllı Amerika. Sən necə gözəl bilirsən prosesləri idarə etməyi. Qəzzada HƏMAS-ı şiə Hizbullahla əməkdaşlıqda ittiham edən sünni dünyasının diqqətini necə idarə edə bilirsən halal olsun bə sənə. Əsədin sosial zülmünə və istibdadına qarşı qalxmış xalqın hərəkatını bölgə müttəfiqlərinlə necə də məzhəb savaşı edə bildin.
Gələk İrana. İran da Suriyada bir məzhəb bataqlığındadır. İranda üç qanad vardı. Mötədil ümmətçilər. Onların təsirini sıfra yaxın etdilər. Bir də məzhəbçi və sasniçilər. İkincilər də İranı Suriyada məzhəb savaşı bataqlığına soxa bildilər. Bu gün Suriyada hamı bataqlıqdadır. Əlahəzrət Amerikadan başqa. Helal olsun be sana arkadaş. Üç gündür başlayan hadisəyə çox təmkinlə yanaşırsan. Düz də edirsən öz baxış açından İsrailin ətrafında onun çətinə düşdüyü bir vaxtda idarə edilən xaosa səbəb olursan. Bu çox ağıllı geosiyasi addımdır.
2011 senarisi yenə dövrədədir. Yenə keçici hökümətlər, daxili narazılıqlar, İŞİDlər, şiələr, sünnilər..
Getdikcə bu qənaətim doğrulanır ki, Allahu aləm, İslamın dirçəlişi artıq intellektual çöküşə girmiş, tükənmiş Yaxın Şərqdən deyil, bəlkə də Qərbdən olacaqdır.
P.S. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Jo Vilson Suriya müxalifətinə dəstək mesajı yayıbdır.
