Bakı, ArabAZ/ Gununsesi.info/
Qahirədə bir neçə gün öncə keçirilən İsrail-HƏMAS danışıqları heç bir nəticə vermədi. Nə HƏMAS, nə də İsrail vasitəçilərin təklif etdiyi razılaşma maddələrinə və qarşılıqlı güzəştlərə razılıq verməyib.
Təxminən 10 aydır davam edən müharibənin dayandırılması üçün aparılan danışıqlara ABŞ administrasiyası da dəstək verirdi. Misirdən gələn xəbərlərə baxmayaraq, ABŞ mənbələri danışıqların “konstruktiv” və “yekun və həyata keçirilə bilən razılaşma” istiqamətində davam etdiyini bildirib. Digər tərəfdən, İsraildə oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən israillilərin geri qaytarılmasını gözləməsi danışıqlarla bağlı ümidləri qoruyub, saxlayır.
Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu ilə ölkə administrasiyasında nüfuzlu hərbi və siyasi xadimlər arasında danışıqların nə qədər çevik ola biləcəyi ilə bağlı böyük fikir ayrılıqları var. Netanyahu həm ABŞ müttəfiqi, həm də öz təhlükəsizlik rəsmiləri və müdafiə naziri tərəfindən daha çevik olmaq və razılığa gəlmək üçün ciddi təzyiq altındadır.
Xarici ekspertlər bildirirlər ki, əgər İsrail müvəqqəti də olsa, atəşkəs razılaşmasına nail olmasa, gərginlik daha da arta bilər.
Mövzu ilə bağlı Gununsesi.info-ya fikirlərini açıqlayan Türk Dünyası (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu belə şərh edib:
“Müharibənin 10 aydır davam etməsi, əslində, İsrailin bu müharibəyə hazır olmaması və İsrail ordusu haqqında mövcud olan “məğlubedilməz”, “dünyanın ən güclüsü” kimi stereotipləri darmadağın etdi. Bu, bir gerçəkdir.
Oktyabr hadisələri başlayandan təxminən 2-3 saat sonra İsrailin baş naziri Benyamin Netanyahu deyirdi ki, HƏMAS 2 həftə ərzində yer üzündən silinəcək. Sonra bu əməliyyatlar davamlı olaraq uzandı. Təəssüf ki, bu gün əməliyyatlar artıq 10 aydır davam edir. Netanyahu və onun fanatik ultra-millətçi, ultra-dini hökuməti öz istəklərinə nail ola bilmədi. Bu istəklər HƏMAS-ın tam olaraq məhvi və bölgəyə tam nəzarət etmək idi.
Digər tərəfdən, hökumət dünya birliyinin tam olaraq İsraili dəstəkləyəcəyini düşünürdü. Amma planlaşdırılanların əksinə olaraq dünya ictimaiyyəti onu tam olaraq dəstəkləmədi və hətta əbədi müttəfiqi ABŞ-la da ciddi problemlər yaşandı. Bütün bunlar isə 40 mindən çox insanın ölümü ilə nəticələndi. Beynəlxalq təşkilatlar isə insan tələfatının 150 minə çatdığını bildirir. Sadəcə olaraq, 40 min insanın şəxsiyyəti təsbit olunub və kütləvi məzarlıqlar var. İsrail ordusu heç bir ordunun törətmədiyi hadisələri həyata keçirdi”.
Siyasi şərhçi əlavə edib ki, HƏMAS da hədəflərinə tam olaraq nail ola bilmədi və ilk gündən bəri bir sıra səhvlər etdi:
“Ən böyük səhvlərindən biri HƏMAS-ın yarandığı gündən bəri İsrail hökumətinə və işğalçı siyasətə qarşı partizan müharibəsi çərçivəsində fəaliyyət göstərməsidir. Vur-qaç taktikası hər zaman istifadə olunurdu. Lakin 7 oktyabr hadisələri HƏMAS-ın fərqli bir strategiya seçdiyini və bir-birindən fərqli mübarizə metodlarını ayıra bilmədiklərini ortaya qoydu. Bu gün nə İsrail, nə də HƏMAS qarşılıqlı güzəştə getmək niyyətindədir. İsrail hegemon olsa da, siyasi baxımdan çox aciz vəziyyətdədir. İsrail ordusunun əsgərləri Qəzzada sıfır nöqtəsindən qətlə yetirilir.
Digər tərəfdən, Netanyahu vəd etmişdi ki, Qəzzada əsirlər azad ediləcək, amma bu da baş vermədi. Bütün bunlardan sonra nə HƏMAS məhv oldu, nə də əsirlər azad edildi. Netanyahu hökuməti gec-tez İsraildə təşkil olunacaq Ədalət Məhkəməsi qarşısında cavab verəcək. Yəhudi xalqı onun məhkəmə qarşısına çıxmasını tələb edəcək. Bu proqnoz çox da uzaq deyil”.
Rufiz Hafizoğlu hesab edir ki, İsrail güzəştə getməyəcək, çünki güzəşt Netanyahu hökumətinin sonu demək olardı. O, HƏMAS-ın güzəştə getməsinin isə bu təşkilatın tam məhvi ilə nəticələnəcəyini qeyd edir:
“HƏMAS-İsrail münaqişəsinin tarixinə baxsaq, görərik ki, Misir hər zaman danışıqlarda aparıcı rol oynayıb. Son hadisələrdə isə Qətərin də rolunu müşahidə edirik. ABŞ və digər ərəb ölkələri Qətərdən tələb etdilər ki, HƏMAS-ın siyasi ofisi oradan çıxsın. Bundan sonra Qətər vasitəçilikdə passiv rol oynamağa başladı və bu missiyanı Misir təkrar ələ aldı. Lakin Misir artıq vasitəçi yox, birtərəfli mövqedə qalıb. İsrail ordusu tamamilə Misir sərhədlərinə yaxınlaşdığı üçün, Misir İsraillə əlaqədar bir sıra şərtlər irəli sürüb. Misir ordusu sərhədlərində İsrail ordusunu görmək istəmir. Misir İsraildən Filadelfiya dəhlizindən çıxmasını tələb edib, lakin İsrail bunu qəbul etməyib. Buna görə də atəşkəs danışıqları nəticəsiz qalıb. İsrail hökuməti Qəzza müharibəsi bitmədən Livanda yeni bir cəbhə açmağa hazırlaşır. Netanyahu sülhün əldə olunmasında maraqlı deyil. O, məqsədli şəkildə böyük bir din müharibəsi çıxarmaq niyyətindədir.
İsrail rəsmiləri torpaqların yəhudi xalqına Tanrı tərəfindən vəd edildiyini iddia edirlər. Müsəlman dünyası isə bu torpaqların müqəddəsliyindən danışanda, radikalizm və terrorçuluqda ittiham olunur. Əgər müsəlman dünyası radikaldırsa, bu, İsrailin siyasətindən irəli gəlir.
Bir daha qeyd edim ki, Netanyahu bölgədə sülhün əldə olunmasında maraqlı deyil”.