Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirilən rəsmi bəyanatların ardınca, İsrailin təhlükəsizlik dairələri və strateji ekspertləri hökumət başçısı Benyamin Netanyahunu seçki maraqları naminə səkkizinci hərbi cəbhəni açmaq barədə xəbərdar ediblər. Ekspertlər rəsmi Təl-Əvivə bildiriblər ki, “Türkiyə nə Livan, nə Suriya, nə də İrandır; onu düşmənə çevirmək bədəli çox ağır olacaq bir macəradır.”
ArabAZ xəbər verir ki, “Haaretz” qəzetinin hərbi şərhçisi Amos Harel Türkiyəyə qarşı kəskin ritorikanın lüzumsuz, artıq və mübarizə aparılan seçki ərəfəsində daxili siyasi xalların qazanılmasına hesablandığını yazıb. Netanyahu isə çıxışlarında Türkiyəni nəzərdə tutaraq, yeni yaranan regional oxlara qarşı İsrailin hava üstünlüyünün qorunmasının milli təhlükəsizlik doktrinasının əsas sütunu olduğunu vurğulayıb. İsrail rəsmiləri xüsusilə ABŞ Prezidenti Donald Trampın Türkiyəni yenidən F-35 qırıcı proqramına daxil edə biləcəyindən ciddi narahatlıq keçirirlər.
Dəməşq hava limanında Türkiyə qalxanı: İran yolu bağlanır
İsrail hərbi mənbələrinin məlumatına görə, Türkiyənin Suriyadakı hərbi mövcudluğu briqada və diviziya səviyyəsinə çatıb. Ən kritik məlumat isə Ankaranın tezliklə Dəməşq Beynəlxalq Hava Limanında qabaqcıl radar sistemləri və müasir raket əleyhinə müdafiə batareyaları quraşdıracağı ilə bağlıdır.
İsrailli yüksək rütbəli rəsmi şəxs vəziyyəti belə şərh edib:
“Gizli deyil ki, indiyədək hava hücumundan müdafiə sistemlərindən məhrum olan Suriya səması İsrail Hərbi Hava Qüvvələri üçün İrana doğru uzanan açıq bir dəhliz rolunu oynayırdı. Türkiyənin bu radar və raket sistemlərini yerləşdirməsi həmin strateji marşrutu tamamilə qapadacaq və İsrailin İranı qəfil vurmaq imkanlarını əlindən alacaq.”
Strateji ekspert Ariel isə Netanyahunun rəhbərlik etdiyi hökuməti kor siyasət yürütməkdə ittiham edərək mühüm bir tarixi fürsətin qaçırıldığını bildirib:
“Bizim üçün ən pis xəbəri bu həftə Tramp Ankaradan verdi. Ərdoğanla yeni dostluq Yaxın Şərqdə yeni bir oxun – başında Türkiyə və Qətərin, arxasında isə Suriya və HƏMAS-ın dayandığı ‘Müsəlman Qardaşlar’ ittifaqının yüksəlişidir. Suriyada Əhməd əş-Şərə (Əbu Məhəmməd əl-Cövlanı) hakimiyyəti ələ keçirəndə Vaşinqtonun açarının Təl-Əvivdə olduğuna inanaraq İsrailə yaxınlaşmaq istədi. Hətta İsrail ordusunun Suriyada qalmasına icazə verəcək bir razılaşmaya da hazır idi, lakin hökumətimiz bunu görməzdən gəldi. Bizim müdafiə nazirimiz isə Suriyanın qarlı təpələrinə çıxıb buraları heç vaxt tərk etməyəcəyimizi bəyan etməklə məşğul idi. Biz xəyallara dalarkən Şərə anladı ki, Vaşinqtonun əsl açarı Ankaradadır. Qapını Ərdoğana açdı və bu gün Türkiyə bizim il yarım əvvəl darmadağın etdiyimiz Suriya ordusunu yenidən qurur və silahlandırır.”
“Maariv” qəzetinin hərbi müxbiri Alon Ben-David isə Türkiyənin NATO üzvü olaraq İsraillə birbaşa hərbi müstəvidə toqquşacağını gözləməsə də, hərbi sürtüşmə riskinin yüksək olduğunu və Tramp amili fonunda bu gərginliyin İsrailin xeyrinə bitməyəcəyini qeyd edib: “İsrail üç ilə yaxındır yalnız güc dilində danışır, lakin bu, təhlükəsizlik problemlərimizin heç birini həll etməyib. ‘Müsəlman Qardaşlar’ oxu artıq bir reallıqdır və biz diplomatiya dilinə geri qayıtmağa məcburuq. Çünki hər bir ağıllı israillinin gördüyü kimi: elə müharibələr var ki, onlarda qalib gəlmək qeyri-mümkündür.”

