BAKI,ArabAZ
Əsəd rejiminə müxalif güclərin əks-hücum əməliyyatı nəinki Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə yeni bir situasiya yaradıb. Müxalif güclərin qarşısında tab gətirə bilməyən Əsəd rejimi geri çəkilərək, Dəməşqə sığınıb və yaranmış durumdan çıxış yolu axtarışındadır. Lakin nə edəcəyini və hansı addımları atacağını müəyyən edə bilmir. Bunun da əsas səbəblərindən biri Bəşər Əsədin hələ də Rusiya və İrandan olan asılılığıdır. Baxmayaraq ki, son bir ildə Ankara Əsədə Suriya böhranının aradan qaldırılıb bölgədə sülhün və əməkdaşlıq münasibətlərinin yaranması istiqamətində əlini uzatsa da, rəsmi Dəməşq uzadılan ələ müsbət reaksiya vermədi. Himayədarları tərəfindən ya ona imkan verilmədi, ya da ki, bölgədə və beynəlxalq aləmdə gedən prosesləri analiz edib düzgün nəticə çıxara bilmədi. Əgər Əsəd rejimi Ankaranın uzatdığı ələ əl versəydi, o zaman bugünkü acı aqibəti yaşamazdı.
Əsəd rejiminə qarşı olan müxalifət və güclər isə hazırlaşıb hərəkətə keçmək üçün münasib vaxt gözləyirdi. Rusiya və İranın zəifləməsini və Suriyadakı proseslərə ciddi təsir edə bilməyəcəyini görən müxalif güclər hərəkətə keçdi və artıq nəticə də göz qabağındadır.
Artıq Suriyada yeni bir dövr başlayır. Rusiya və İranın Suriyada mövqeyi ciddi şəkildə zəiflədiyindən qüvvələr münasibəti dəyişməkdədir. Bu da öz növbəsində bölgədəki maraqlı güclərin və aktorların Suriyanı yenidən bölünməsi və öz təsir dairələrinə keçirməsi prosesinə start veriblər. Artıq Suriyanın yenidən bölünməsi hazırlıq mərhələsindədir.
Artıq bölgədə ən ciddi oyunçulardan olan ABŞ, İsrail və ərəb ölkələrinin bu istiqamətdəki hərəkətlikləri ortadadır. Bu qüvvələr hətta Əsəd rejimi onların şərtlərini qəbul edəcəyi təqdirdə, onun hakimiyyətdə qalmasına yardımçı olacaqları mesajlarını verməkdədirlər. Onların Əsədə təklifi isə İrandan və onun proksi güclərindən imtina etməkdir. İsrail tərəfi isə Əsəd rejiminin devrilməsini özləri üçün ciddi təhlükə hesab edirlər. Ona görə də bu qüvvələrə zəif, marionet, onların dediklərini həyata keçirən və müəyyən keçid dövrü üçün bir rejim lazımdır. Rusiya və İranın Suriyada mövqeləri nə qədər zəifləsə də, yaxın perspektivdə onların buradan çıxmacağını düşünmək sadəlövhlük olar.
Hesab edirəm ki, İsrail hansısa formada Rusiya ilə danışıqlara gedib özlərinin istəyinə uyğun şəkildə Əsədi hakimiyyətdə saxlaya bilərlər. Çünki Rusiyanın bu gün diqqəti nə qədər Ukrayna məsələsinə qarışsa da, Yaxın Şərqdəki maraqlarından asanlıqla imtinası qeyri-mükün görünür. Bu, proseslərin gedişindən asılı olacaq.
Yaranmış vəziyyətdə Türkiyənin roluna gəldikdə isə onu qeyd etmək lazımdır ki, əvvəlki mərhələlərdən fərqli olaraq, bu gün Suriyanın yenidən dizayn edilməsində Ankara daha ciddi aktor və prosesləri yönləndirmək rolunda çıxış etməkdədir. Son hadisələr də bunu deməyə əsas verir.
Ankara yaranmış fürsətdən faydalanaraq həm Türkiyənin təhlükəsizlik sisteminə ciddi təhdid yaradan PYD/YPG terror təşkilatının zərərsizləşdirilməsinə, həm də Suriyada sabitliyin təmin olunması istiqamətində fəal aktor rolunu oynamaqdadır.
Artıq PYD/YPG terror təşkilatının nəzarətində olan Tel-Rifat bölgəsi Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində təmizlənərək nəzarətə götürülüb. Növbəti mərhələ Minbiçin terrorçulardan təmizlənməsidir. Ankara bununla da PYD/YPG terror təşkilatının Türkiyəyə yaratdığı təhdidləri minimuma endirir. Digər tərəfdən isə bölgədə Ankarasız hər hansı böhranın həll oluna bilməyəcəyini, həm də gücünü beynəlxalq aləmə nümayiş etdirir.
Ankara bundan sonrakı mərhələdə də proseslərdə ciddi rol oynayan regional güclərdən biri olacaq. Bunun üçün Türkiyə ciddi avantajlara malikdir.
Birincisi, Ankara böhranın Suriyanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
İkincisi, Suriya xalqının Türkiyəyə olan müsbət münasibətidir. Münaqişə nəticəsində Suriyanı tərk edən qaçqınların 3 milyonu Türkiyə ərazisində özünə sığıancaq tapıb və bunların arasında təkcə ərəblər deyil, o cümlədən kürdlər, druzlar, türkmənlər, nusranilər və digərləri var. Türkiyənin himayədarlığı ilə onlar rahatca öz yurdlarına geri dönə bilərlər.
Üçüncüsü, Ankarasız bölgəni yenidən dizayn etmək qeyri-mümkün olacaq. Bunu artıq Qərb, İsrail və digər güclər də anlamaqdadır.
Qarşıdakı mərhələdə proseslər necə inkişaf edə bilər və nə gözlənilir? Proseslər belə davam edərsə və müxalif güclər Suriyada nəzarət imkanlarını genişləndirərsə, o zaman Əsəd rejiminin hakimiyyətinin yıxılması labüd olacaq.
Əsəd və panik durumda olan komandası böhrandan çıxıb Suriyanın ərazi bütövlüyünü bərpa edib sabitliyi təmin etmək istəyirsə, vaxt itirmədən Ankara ilə danışıqlara başlamalıdır. Əsəd belə bir addım atmayacaqsa, Suriyada böhran daha da dərinləşə bilər.
Digər aktorlar da Əsədlə razılığa gələ bilməsə, onda Suriyada Əsədsiz müvəqqəti hakimiyyətin qurulması gündəmdə olacaq. Bu Suriyanın federasiyalaşdırılması şəklində də ola bilər və belə bir plan istisna edilmir.
İsrail, ABŞ, PKK, Körfəz və digər aktorların belə bir niyyəti ortadadır və buna uyğun olaraq planlar qururlar. Mövcud vəziyyətdə Türkiyənin rolu əhəmiyyətli şəkildə ortaya çıxır. Moskva və Tehranın təsir dairəsinin zəifləməsi fonunda Ankaranın önə çıxması onların da marağına uyğundur. Bu üç ölkə Suriya böhranını həll etmək üçün Astana prosesini həyata keçirirdilər. O baxımdan Moskva və Tehran Suriyada istəyinə nail ola bilməyəcəyi təqdirdə, Ankaraya dəstək vermələri məntiqli olar. Əgər müvəqqəti hakimiyyət yaradılacaqsa Ankara Suriyadakı bütün etnik qrupların təmsilçilərinin iştirakı ilə hökumət formalaşdırılmalıdır. Odur ki, Ankara mövcud aktivliyini qoruyub saxlamaqla yaranaşı, proseslərdə daha çevik olmalı, yaranmış fürsətləri özünün və bölgənin xeyrinə dəyişməyi bacarmalıdır. Belə olarsa, o zaman Ankara İsrail və Qərbin Türkiyəyə qarşı planlaşdırdıqları çirkin oyunları puça çıxarmış olacaq.
Ankara həm Suriyanın, həm də Yaxın Şərqin yenidən dizayn olunmasındakı həlledici rolunu qoruyub saxlamalıdır və saxlayacaq da… Gedən proseslər isə bunu deməyə əsas verir.