Əbu-Dabidəki “Mubadala Arena”da ölkənin aparıcı klublarının iştirakı ilə Xalid bin Məhəmməd bin Zayed cüdo çempionatının 5-ci mərhələsi start götürüb. Yarışın ilk günündə yeniyetmələr (U-18), böyüklər və veteranlar kateqoriyasında gərgin döyüşlər baş tutub. Günün yekun nəticələrinə görə turnir cədvəlinə “Baniyas” Cüdo Klubu başçılıq edir. İkinci yerdə “MOD UAE”, üçüncü pillədə isə “Al-Jazira” qərarlaşıb.
ArabAZ xəbər verir ki, təşkilatçılar bu turnirin sadəcə bir yarış olmadığını, həm də BƏƏ milli komandasına yeni və istedadlı cüdoçuların seçilməsi üçün əsas baza rolunu oynadığını bildiriblər. Federasiya rəsmiləri yarışların gənclərdə nizam-intizam, qarşılıqlı hörmət və stress altında düzgün qərar vermək kimi xüsusiyyətləri formalaşdırdığını xüsusi vurğulayıblar.
Yarışın ən diqqətçəkən məqamlarından biri veteranların mübarizəsi olub. Belə ki, 56 kq çəki dərəcəsində qara kəmər sahibi Heysəm Hənəvi bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Qalib idmançı bu uğurun hər yaşda cüdo ilə zirvəyə ucalmağın mümkünlüyünü göstərdiyini qeyd edib. Üç gün davam edən çempionat uşaq və yeniyetmələrin digər yaş qrupları üzrə keçirilən qarşılaşmalarla başa çatıb.

