Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi orqanları ölkə ərazisinə yönələn raket təhdidlərinin qarşısının uğurla alındığını və hazırda vəziyyətin tamamilə təhlükəsiz olduğunu bəyan ediblər.
ArabAZ xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri İrandan gələn ballistik raket, qanadlı raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına aktiv şəkildə cavab verib. Nazirlik ölkənin bir neçə bölgəsində eşidilən güclü partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hədəfləri havada məhv etməsi zamanı yarandığını rəsmən təsdiqləyib.
Hərbi xəbərdarlıqlardan sonra BƏƏ rəhbərliyi ölkə daxilindəki bütün sakinlərin mobil telefonlarına təcili bildiriş göndərərək təhlükəsizliyin təmin olunduğunu bildirib. Müvafiq dövlət qurumları fövqəladə vəziyyət zamanı nümayiş etdirdikləri sıx əməkdaşlığa görə vətəndaşlara rəsmi təşəkkür edib və gündəlik normal həyata tam şəkildə qayıdıla biləcəyini elan ediblər.
Rəsmi bəyanatda vurğulanıb ki, mülki əhalinin təhlükəsizliyini qorumaq və gündəlik həyatın axarına mənfi təsir edə biləcək kəsintiləri minimuma endirmək məqsədilə dövlət tərəfindən bütün zəruri və qabaqlayıcı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə icra olunmaqdadır. Səlahiyyətli orqanlar sakinləri yalnız rəsmi dövlət kanallarından gələn real vaxt yeniliklərini izləməyə çağırib.

