Beyrut,ArabAZ
İran prezidenti Məsud Pezeşkian ölkəsinin inqilabı ixrac etmək niyyətində olmadığını bildirib və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsində, iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğunu xüsusilə vurğulayıb.
Pezeşkian ABŞ-a mesaj göndərərək deyib: “Onlar xalqımızın hüquqlarına hörmət etməlidirlər, ölkəmizə qarşı sui-qəsdlər qurmamalıdırlar. Bizim inqilabımız ona görə baş verdi ki, xalq ləyaqətlə, qürurla yaşamaq istəyirdi. Onlar bu yolu pozmamalıdırlar”.
Pezeşkian təkid edib ki, Tehran uranı silahda istifadə olunan səviyyəyə yaxın zənginləşdirmək istəmir, lakin ABŞ-ın dünya gücləri ilə nüvə sazişindən çıxması səbəbindən bunu etməyə məcbur olub.
“Biz genişlənmək və ya inqilabımızı heç bir yerə ixrac etmək barədə düşünmürük. Əgər bizi ölkəmizlə baş-başa buraxıb düzgün yaşamağa imkan versələr, davranışımız və həyatımız bir çox yerlərə nümunə ola bilər. Mövqelərimizi aydınlaşdırmaq və xalqımızın hüquqlarını müdafiə etmək üçün Amerikaya gedəcəyik. Hal-hazırda, bizim müharibəyə hazırlaşdığımızı düşünən qüvvələr var. Amma biz sülh tərəfdarıyıq və inandığımız şeyin müdafiəsinə qalxmalıyıq. Amerika prezidenti ilə görüşə gəlincə , ilk növbədə onlar qardaşlıqlara hazır olduqlarını sübut etməlidirlər. Onlar ilk növbədə bizə düşmən olmadıqlarını göstərməlidirlər, bizim də onlarla problemimiz yoxdur.Biz amerikalılara sanksiya tətbiq etmədik, onların sərhədləri yaxınlığında hərbi bazalar yaratmadıq, əksinə, bizə qarşı sanksiyaları onlar qoydular. Biz amerikalılarla belə qardaşıq və onlarla heç bir problemimiz yoxdur”-deyə o bildirib.
Qeyd edək ki, İran ABŞ-I hər zaman “Böyük Şeytan adlandırıb)
Pezeşkian öz ölkəsində daxili mübahisələri aradan qaldırmağa və investorlar və elitalar arasında inam yaratmağa çağırıb. Xarici məsələlərə gəlincə, Pezeşkian hökumətinin qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün çalışdığını deyib və İraqa son səfərinə toxunaraq, strateji planlara və ortaq iqtisadi layihələrə nail olmaq üçün İraq rəsmiləri ilə anlaşmalardan danışıb.
“Biz bunu Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə edə bilərik… Bizə azad bazar lazımdır ki, biz daxildə xarici investisiyaları inkişaf etdirə və həvəsləndirə bilək.Biz xarici diplomatiyamızı ləyaqət, müdriklik və maraq əsasında inkişaf etdirəcəyik.”-deyə o qeyd edib.