Bakı,AzerVoice
Əbdulqadir Cəzairi 6 sentyabr 1808-ci ildə Qərbi Əlcəzairin Muasker şəhəri yaxınlığında anadan olub. Atası Muhyiddin, Peyğəmbərin nəvəsi Hz. Həsən nəslindən idi və Qadiri şeyxlərindən idi.
Əbdulqadir Cəzairi uşaqlıq və gənclik illərində dərin dini təhsil almaqla yanaşı, silahdan istifadə etməyi, at sürməyi də öyrənmişdi.
1827-ci ildə atası ilə Məkkəyə getmişdi. Vətənə qayıtmasından az sonra, 1830-cu ilin iyulunda fransızlar Əlcəzairi işğal etdilər və bu ölkədə üç yüz illik türk hökmranlığına son qoydular.
Yerli ərəb və bərbər (əmaziq) tayfaları yadelli hökmranlığına müqavimət göstərmək üçün Şeyx Muhyiddin sultan elan etmək istəyirdilər,lakin qoca olduğu üçün o bu vəzifədən oğlunun leyhinə imtina etdi. Əbdulqadir Cəzairi Mərakeşin sultanını idarə etmək hüququnu tanıdı və 22 noyabr 1832-ci ildə “emirü’l-mü’minîn” titulunu aldı. Mərakeşdən də dəstək alaraq, fransızlara və onlarla əməkdaşlıq edənlərə qarşı mübarizə aparmağa başladı. Qəhrəmanlığı və ziyalılığı sayəsində yerli tayfaları öz ətrafına topladı və nüfuzunu Qərbi və Mərkəzi Əlcəzairə qədər genişləndirə bildi.Böyük Səhranın bəzi şeyxləri və savaşçı qəbilələri də onun ardınca getdilər.
1831-ci ilin yanvarında fransızlar tərəfindən işğal edilən Vehranda (Oran) komandir Bugeaud ilə 30 may 1837-ci ildə Təfnə müqaviləsini imzalaması onu ölkənin üçdə iki hissəsində dominant etdi.
Əvvəllər Muaskərdə olan inzibati mərkəzi Tağdemptə (bölgə adı) köçürdükdən sonra İslam prinsipləri əsasında dövlət qurmaq üçün çalışdı.
Əbdulqadir Cəzairi türklərin hakimiyyət illərində müəyyən öhdəliklər müqabilində vergidən azad edilən Mehazin boylarının imtiyazlarını ləğv etdi, hər kəsdən zəkat topladı.İngiltərədən Mərakeş vasitəsilə gətirilən top və tüfənglərlə nizami ordu qurdu.
Bu arada fransızlar şərqdə Osmanlı hakimiyyətini qoruyub saxlayan və onlara qarşı müqavimət göstərən Əhməd bəyi məğlub edərək 1837-ci ilin oktyabrında şimali Afrikada Konstantin şəhərini ələ keçirdilər.
Fransızlar 1839-cu ilin payızında Əbdülkadirin Kabiliyyə bölgəsinə qədər genişlənən nüfuzunu məhdudlaşdırmaq üçün onunla görüşmək istədilər. Onlar rədd cavabı alanda qüvvələr göndərərək Əlcəzairi Konstantinlə birləşdirən Bibân keçidini ələ keçirdilər.
Buna qarşı noyabrın 19-da müqəddəs cihad elan edən Əbdulqadir Cəzairi kiçik, lakin çox çevik qoşunlarını fransızlara qarşı göndərdi. Lakin 1840-cı ilin dekabrında Əlcəzairə general-qubernator təyin olunan Bugeaud, artırdığı qüvvələri rəqibinin döyüş taktikasına uyğun hazırlaması istənilən nəticəni vermədi.
Fransızlar Taqdempt, Muasker və Tilimsan şəhərlərini işğal etdilər. 1843-cü il mayın 16-da hətta əmirin səyyar düşərgəsinə də basqın etdilər. Əbdulqadir Cəzairi Mərakeşə sığınmalı oldu. Onu təqib edən Bugeaud 1844-cü ilin avqustunda İslidə Mərakeş ordusunu məğlub etdi.
Fransızlar 1844-cü ilin oktyabrında imzalanan Tanjer müqaviləsi ilə Mərakeş Sultanı Əbdürrəhman ibn Hişamı Əbdulqadir Cəzairini dəstəkləməkdən çəkindirdilər.
Əbdulqadir Cəzairi daha sonra Əlcəzair torpaqlarına qayıtdı və 1845-ci ilin oktyabrında Şidi-Brahimdə bir fransız birliyini məğlub etsə də, artan fransız təzyiqi qarşısında yerli tayfaların ondan uzaqlaşdıqlarını gördü. Ümidsizlik içində 1846-cı ilin yayında yenidən Mərakeşə sığındı.
Əbdulqadir Cəzairi qoşunları məğlub olduqdan sonra 23 dekabr 1847-ci ildə fransızlara təslim oldu. İsgəndəriyyə və ya Akka aparılacağına dair vədlərə baxmayaraq, o, beş il Fransada məhbus olaraq qaldı. 1852-ci ilin oktyabrında azad edildikdən sonra Osmanlı Dövlətinə getdi və əvvəlcə Bursada, 1855-ci ildən isə Şamda yaşamağa başladı. Qalan ömrünü ibadət və elmlə həsr etdi.
O, 1860-cı ilin iyulunda Cəbəlübnanda başlayan və Dəməşqə yayılan Druz Üsyanına şəxsən müdaxilə etdi və bir çox xristianı qırğından xilas etdi. O 26 may 1883-cü ildə Dəməşqdə vəfat etdi.
Əbdulqadir Cəzairi cəsur, ağıllı və dindar bir idarəçi idi. O, fransızlara qarşı mübarizəsində hərbi bacarığı ilə yanaşı, siyasi şücaətini də sübut etdi. Lazım olanda sərt olsa da, ədalətə riayət edir, xasiyyətində mərhəmətli idi. Əbdulqadir Cəzairi şimali Afrikanın milli qəhrəmanıdır və Ömər əl-Muxtar qədər sevilir.