Çərşənbə axşamı, 14 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Əhmədinejad “Məhv etmək” istədiyi İsrailin casusu çıxdı – şok detallar

Əhmədinejad “Məhv etmək” istədiyi İsrailin casusu çıxdı – şok detallar

İyul 14, 2026 8:44 axşam
Paylaş
İsrailin Mahmud Əhmədinejadı əməkdaşlığa cəlb etmək və İrana rəhbər gətirmək üçün qurduğu gizli planı ifşa olunub.
Paylaş

2024-cü ilin əvvəlində Macarıstanın Budapeşt şəhərindəki universitetlərdən birinin rektoru ölkənin yüksək rütbəli hökumət rəsmisindən gözlənilməz bir xahiş qəbul etdi. Həmin rəsmi Ludovika Dövlət Qulluğu Universitetinin rektoru, professor Gergely Deliyə bildirdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsi iqlim dəyişikliyi mövzusunda konfrans təşkil etməli və ora heç kimin gözləmədiyi bir qonağı dəvət etməlidir. Bu qonaq  geniş kütlələr tərəfindən qəbul edilməyən, İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad idi.

Bu dəvətin arxasında dayanan səbəb isə daha heyrətamiz idi. Hökumət rəsmisi Deliyə açıqladı ki, konfrans sadəcə bir örtükdür; məqsəd Əhmədinejadın Budapeştdə özünün açıq düşməni olan İsrailin kəşfiyyat agentləri ilə gizli danışıqlar aparmasına şərait yaratmaqdır.

Deli bu dəvətin həm özünün, həm də universitetin nüfuzuna ciddi zərbə vura biləcəyini dərk edirdi. Lakin o, verdiyi müsahibədə insanların həyatını xilas etmək missiyasında rol oynaya biləcəyinə inandığını söyləyirdi.

“Ortada iki düşmən var və əgər bu iki düşmən bir-biri ilə danışmaq istəyirsə, onların danışmasını təmin etmək üçün əlinizdən gələni etmək ən yaxşı seçimdir.”-deyə o açıqlamasında  bildirmişdi.

Kəşfiyyat məlumatlarının həssaslığı səbəbilə adlarının açıqlanmasını istəməyən ABŞ və İran rəsmilərinin bildirdiyinə görə, Əhmədinejadın 2024-cü ildə universitetə reallaşan səfəri və növbəti il baş tutan ikinci səfəri İsrailin uzun illərdir davam edən böyük planının tərkib hissəsi olub. İsrail onu öz kəşfiyyat agentinə (mənbəyinə) çevirmək və zamanı gəldikdə İranın yeni lideri kimi hakimiyyətə gətirmək üçün hazırlayırmış.

Keçmiş ABŞ rəsmiləri bildirirlər ki, Əhmədinejadın əməkdaşlığa cəlb edilməsi İsrail üçün o qədər yüksək prioritet daşıyıb ki, İsrail xarici kəşfiyyat xidmətinin (Mossad) o zamankı rəhbəri David Barnea 2024-cü ildə onunla görüşmək üçün şəxsən Budapeştə səfər edib. Mənbələr əlavə edir ki, bundan qısa müddət sonra “Mossad” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) Əhmədinejadla təmasda olduğu barədə rəsmi şəkildə məlumatlandırıb.

İsrailin İranın nüvə proqramını sürətləndirən, dəfələrlə İsrailin xəritədən silinməsinə çağıran və Holokostu inkar edən keçmiş prezident ətrafında rejim dəyişikliyi planı qurması iki tərəf arasındakı münasibətlərin tarixində qeyri-adi və gözlənilməz bir dönüşdür.

ABŞ rəsmilərinin məlumatlarına görə, İsrail son illər ərzində Əhmədinejadın yaşayış və səyahət xərclərini ödəmək üçün ona gizli şəkildə rəsmi pullar ödəyib. İsrail agentləri onunla xaricdə müxtəlif vaxtlarda, o cümlədən Budapeşt səfərləri zamanı bir neçə dəfə görüşüblər.

Bu səylər cari ilin fevral ayının sonlarında, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin ilk günlərində öz pik nöqtəsinə çatdı. Tehranda ciddi nəzarət altında yaşayan keçmiş lideri ölkədən çıxarmaq üçün cəsarətli bir əməliyyat planlaşdırıldı. Məqsəd mövcud rejimi devirmək və Əhmədinejadı hakimiyyətə gətirmək planını işə salmaq idi, lakin plan uğursuzluqla nəticələndi.

Fevralın 28-də İsrailin aviazərbəsi Əhmədinejadın yaşadığı iqamətgahı hədəf aldı, onun mühafizəçilərinin binasını və zirehli avtomobilini məhv etdi. Zərbədən dərhal sonra, dörd yüksək rütbəli İran rəsmisinin verdiyi məlumata görə, əraziyə qara rəngli “Peugeot” markalı avtomobil yaxınlaşıb, Əhmədinejadı götürərək xaosun hökm sürdüyü hadisə yerindən sürətlə uzaqlaşıb.

Əməliyyatdan xəbərdar olan ABŞ və İran rəsmiləri avtomobili “Mossad” agentlərinin idarə etdiyini və onların Əhmədinejadı İran daxilindəki gizli, təhlükəsiz bir evə apardıqlarını bildirirlər.

Lakin məsələdən agah olan şəxslərin dediyinə görə, keçmiş prezident bu gərgin və tələsik xilasetmə əməliyyatından narahat olub və İsrailin onu yenidən hakimiyyətə gətirmək planına dair məyusluq yaşamağa başlayıb.

O, sonradan naməlum şəraitdə həmin təhlükəsiz evi tərk edib. Əhmədinejad iyulun 6-na qədər bir daha ictimaiyyət qarşısına çıxmayıb; yalnız həmin tariqdə o, İranın mərhum Ali Rəhbəri Əli Xameneinin dəfn mərasimində qısa müddətə görüntülənib.

Onun hazırkı statusu qeyri-müəyyən olaraq qalır. Bununla belə, dörd yüksək rütbəli İran rəsmisi Əhmədinejadın hazırda “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) kəşfiyyat idarəsi tərəfindən saxlanıldığını və İran tərəfinin onun İsrail ilə əlaqələrinin bir çox təfərrüatını öyrənməsindən sonra ev dustaqlığında saxlandığını bildiriblər.

İsrail rəsmiləri Tehrandakı hökuməti devirmək cəhdinin bir hissəsi olan Əhmədinejadı lider təyin etmək planı barədə ictimaiyyətə heç bir şərh verməyiblər. Planın digər bir hissəsi isə İraqın şimalında yerləşən İran kürd müxalif qüvvələrini silahlandırmaq, təlim keçmək, onların İranın qərbinə keçərək orada bəzi əraziləri nəzarətə götürməsini və nəticədə Tehrana doğru irəliləməsini təmin etmək olub; lakin bu plan heç vaxt reallaşmayıb.

İsrail Ordusunun Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Tamir Heyman, “New York Times” qəzeti Əhmədinejadın bu plandakı rolu barədə təfərrüatları ilk dəfə ifşa etdikdən sonra, may ayında PBS şəbəkəsinin “Firing Line” proqramında çıxış edərkən bildirib:

“Rejim dəyişikliyi planı həyata keçirilməsi nəzərdə tutulan bir sıra çox, olduqca unikal xüsusi əməliyyatları əhatə edirdi. Əhmədinejad da bu zəncirin bir hissəsi idi.”

“Mossad” rəsmiləri mövzu ilə bağlı sorğulara cavab verməyiblər. Əhmədinejadın sözçüsü Əli Əkbər Cavanfəkr də şərh verməkdən imtina edib.

Prezidentlikdən sonrakı transformasiya

2005-2013-cü illərdə İranın Prezidenti olmuş Əhmədinejad ölkənin ən radikal mühafizəkar siyasətçilərindən biri idi. O, İsrailin yer üzündən silinməsinə çağırışlar edir, onun dövründə İran uranın zənginləşdirilməsi proqramını yenidən bərpa edirdi ki, bu da ölkənin gizli nüvə silahı hazırlaması şübhələrini artırırdı. O, həmçinin 2009-cu ildə yenidən prezident seçilməsinə qarşı ölkə daxilində baş qaldıran etirazların amansızlıqla yatırılmasına göstəriş vermişdi; onun hakimiyyəti dövründə məhkəmə sistemi müxaliflərə qarşı kütləvi edamlar həyata keçirmiş, rəqiblərini zindanlara atmışdı.

Lakin prezidentlik müddəti başa çatdıqdan sonrakı illərdə Əhmədinejad mövqeyini yumşaltdı və hakimiyyəti illərinə damğa vuran anti-İsrail ritorikasını məhdudlaşdırdı. O, müsahibələr vermək və İranın pop-musiqi mədəniyyəti barədə çıxışlar etməklə özünün daha mülayim, yeni imicini formalaşdırmağa çalışırdı. O, təhlükəsizlik qüvvələrini etirazçılara qarşı amansız rəftarına görə tənqid edir, hakim elitanı maliyyə korrupsiyasında ittiham edirdi.

O, həmçinin özünün vizit kartı olan geniş, xaki rəngli gödəkcəsindən imtina edərək xüsusi tikilişli bədənəoturan kostyumlar geyinməyə başladı. Səliqəsiz saqqalına əl gəzdirdi, üzünə botoks müalicəsi etdirdiyi bəlli oldu və ingilis dilini öyrənməyə başladı.

Tehrandakı ofisində o, hər gün səhər saatlarında sıravi vətəndaşların şikayətlərini dinləmək üçün bir saatlıq qəbullar keçirirdi; bəziləri dövlət bürokratiyası ilə mübarizədə ondan kömək istəyirdilər. Bəzən o, nazirliklərə məktublar yazaraq müraciət edənlərə kreditlərin verilməsini tövsiyə edirdi. Ölkənin müxtəlif bölgələrinə mütəmadi səfərlər edir, şəhərlərdə və kənd yerlərində tərəfdarları ilə görüşürdü.

Əhmədinejadın İran hökuməti ilə münasibətləri mürəkkəb idi. Ali rəhbərlik onu kənarda saxlayır, hərəkətlərinə məhdudiyyətlər tətbiq edirdi, lakin onun Ali Rəhbərə məsləhətlər verən yüksək səviyyəli şurada digər rəsmi şəxslərlə birgə əyləşməsinə icazə verilirdi. O, fevral ayında, müharibənin başlamasından bir neçə gün əvvəl həmin şuranın iclasında iştirak etmişdi.

İran daxilində bir çoxları Əhmədinejadın bu transformasiyasını siyasi motivli hesab edir, bunu onun özünün populist imicini gücləndirmək və özünü mövcud idarəçilərdən uzaq tutmaq cəhdi kimi qiymətləndirirdilər. Bununla belə, o, fəhlə sinfindən olan iranlılar arasında öz dəstək bazasını qoruyub saxlaya bilmişdi və müşavirləri onun məqsədinin bir gün yenidən hakimiyyətə qayıtmaq olduğuna tam əmin idilər.

Əhmədinejadın keçmiş yaxın tərəfdaşı və baş müşaviri Əbdülriza Davari telefon müsahibəsində bildirib ki,:

“Əhmədinejad bunu pul üçün etməz. Onun kifayət qədər pulu və geniş iqtisadi şəbəkəsi var. O, bunu hakimiyyət üçün edir. Hakimiyyətin zirvəsində olmaq istəyir.” (Qeyd edək ki, bu iki şəxs bir neçə il əvvəl ixtilafa düşərək yollarını ayırıblar).

Əhmədinejadın yaxın ətrafından olan və şəxsi müzakirələri təsvir etmək üçün adının açıqlanmasını istəməyən bir mənbənin bildirdiyinə görə, keçmiş prezident xarici güclərin köməyi ilə İranın gələcək lideri olmaq ambisiyasını yalnız çox məhdud sayda yaxın köməkçilərinə açırmış.

Mənbə qeyd edib ki, Əhmədinejad prezidentliyə namizədliyinin üç dəfə rədd edilməsindən sonra İslam Respublikası sistemindən tamamilə məyus olub və mövcud sistem qaldığı müddətcə hakimiyyətə gələ bilməyəcəyi qənaətinə gəlib.

O, həmçinin ehtiyat edirmiş ki, əgər müharibə baş verərsə və rejim dəyişikliyi reallaşarsa, amerikalılar və israillilər ölkəni tanımayan, xaricdə yaşayan bir müxalif simanı seçəcəklər və bu da ölkədə qeyri-sabitliyə yol açacaq. O, yaxın ətrafına özünü Rusiyanın keçmiş Prezidenti Boris Yeltsin kimi islahatçı rolunu oynaya biləcək bir şəxs kimi təqdim edirmiş. Mənbənin sözlərinə görə, Əhmədinejad hakimiyyətə gələcəyi təqdirdə İranın İsraili tanıyacağını və ABŞ Prezidenti Donald Tramp tərəfindən başladılan “İbrahim sazişləri” çərçivəsində onunla münasibətləri normallaşdıracağını bildirirmiş.

O dövrün kəşfiyyat qiymətləndirmələrindən agah olan İsrail Müdafiə Nazirliyinin rəsmilərinin bildirdiyinə görə, İsrail kəşfiyyat xidmətləri həmin müddət ərzində Əhmədinejad ilə İran rejimi arasında genişlənən bu uçurumu çox diqqətlə izləyirmişlər. Rəsmilər qeyd ediblər ki, İsraili xüsusilə maraqlandıran məqam Əhmədinejadın onun namizədliyini bloklayan Ali Rəhbərə və digər rəsmilərə qarşı artan narazılığı olub.

Əhmədinejadın bu hərəkətləri İslam Respublikasını xarici müdaxilələrdən qorumağa cavabdeh olan “İnqilab Keşikçiləri Korpusu”nun (SEPAH) kəşfiyyat idarəsində şübhələr oyatmağa başlamışdı.

SEPAH-ın iki üzvü və işdən agah olan bir kəşfiyyat rəsmisi bildiriblər ki, bu şübhələr Əhmədinejadın 2017-ci ildə Trampa açıq məktublar ünvanlamağa başlamasından sonra daha da güclənib.

Dörd rəsminin verdiyi məlumata görə, cari ildə baş tutan və Əhmədinejadı müvəqqəti olaraq SEPAH-ın nəzarətindən azad edən İsrail zərbəsindən sonra, İran kəşfiyyat orqanları onun İsrail ilə əlaqələrini araşdırmağa və buna dair sübutları toplamağa başlayıblar.

Əhmədinejadın xaricdəki görüşləri

İsrail kəşfiyyatının Əhmədinejadı əməkdaşlığa cəlb etməyə ilk dəfə nə vaxt cəhd göstərdiyi tam bəlli deyil. Lakin İran rəsmiləri bildirirlər ki, ən azı, Əhmədinejadın 2023-cü ildə ekologiya mövzusunda konfransda iştirak etmək üçün Qvatemalaya etdiyi səfər zamanı müəyyən bir təmas qurulub. Dəvət Qvatemala hökuməti tərəfindən gəlmişdi; hansı ki, bu ölkə Latın Amerikasının digər dövlətləri ilə müqayisədə İsrail ilə ən sıx diplomatik əlaqələrə malik ölkədir.

Həmin vaxt təhlükəsizlik qüvvələri Tehran hava limanında Əhmədinejadı saxlayaraq ona minik talonu verməkdən və ölkəni tərk etməsinə icazə verməkdən imtina etdikdə, onun bu səfəri az qala baş tutmayacaqdı.

Buna cavab olaraq o, hava limanının daxilində saatlarla davam edən rəsmi oturaq aksiya təşkil etdi. Bu aksiya ictimai şouya çevrildi; o, sıravi iranlı sərnişinlərlə, hava limanının və aviaşirkətin işçiləri ilə fotolar çəkdirərək öz sosial media hesablarında paylaşımlar etdi.

Nəticədə İran rəsmiləri Əhmədinejadın təyyarəyə minməsinə və konfransda iştirak etməsinə icazə verməli oldular.

Əhmədinejad səfər zamanı paylaşdığı videolardan birində belə deyirdi:

“Bəzi insanlar mənə Qvatemalaya getməməyi söylədilər, lakin mən onlara bildirdim ki, məni ekologiya naziri olan qardaşım dəvət edib. Bu, Latın Amerikasında çox mühüm bir ölkədir.”

Növbəti il o, Ludovika Universitetinin konfransında iştirak etmək üçün Macarıstana ilk səfərini reallaşdırdı və Budapeştdə ötən aya qədər beş il ərzində “Mossad”a rəhbərlik etmiş David Barnea ilə görüşdü.

Həmin dövrdə sağçı Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan İsrail ilə digər Avropa ölkələrindən daha sıx əlaqələrə malik idi; Orban və İsrailin Baş naziri Benyamin Netanyahu qarşılıqlı rəsmi səfərlər həyata keçirirdilər. 2025-ci ilin aprelində Netanyahu Ludovika Universitetində çıxış etmiş və universitet ona dövlət qulluğuna görə xüsusi mükafat təqdim etmişdi.

İki ay sonra – İsrailin İrana qarşı müharibəyə başlamasından cəmi bir neçə gün əvvəl – Əhmədinejad yenidən Budapeştə qayıtdı; bu səfər də İsrail kəşfiyyatının nümayəndələri ilə görüşmək üçün bir örtük rolu oynayırdı.

Onun bütün xarici səfərlərində onu müşayiət edən SEPAH-ın “Ənsar” mühafizə bölməsindən olan iranlı mühafizəçilər hesabat veriblər ki, Əhmədinejad 2025-ci ilin iyun səfəri zamanı ən azı iki dəfə təhlükəsizlik müşayiətindən yayınmağı və uzunmüddətli görüşlər keçirmək üçün yoxa çıxmağı bacarıb. SEPAH-ın iki üzvü və işdən agah olan kəşfiyyat rəsmisinin bildirdiyinə görə, mühafizəçilər hesabatda qeyd ediblər ki, yoxa çıxması barədə Əhmədinejada sual verdikdə, o, universitet professorları ilə görüşdüyünü iddia edib.

Konfrans zamanı İranın keçmiş prezidenti ingilis dilində mühazirə oxuyub və əvvəllər bütün çıxışlarına başladığı Quran ayəsini oxumaqdan imtina edərək auditoriyanı təəccübləndirib.

O, bədəninəoturan tünd göy rəngli kostyum geyinmişdi və öz sosial media hesablarında paylaşdığı videolara görə, “ortaq bəşəriyyət” və “dəyişən dünya nizamı” barədə danışaraq yeni dünyanın necə qurulacağına dair öz şəxsi baxışını təqdim edirdi.

Əhmədinejad universitetin rektoru Gergely Deliyə fars şairi Firdovsinin “Şahnamə” əsərinin nüsxəsini təqdim edib, Deli isə öz növbəsində Əhmədinejada universitetin rəsmi simvolunu (gerbini) hədiyyə edib.

Deli ötən ay verdiyi müsahibədə bildirib ki, o, Əhmədinejada dəvət göndərərkən əslində alman dilində “vici-vazı”, “oyuncaq” və ya “müqəvva” mənasını verən “Strohmann” rolunu oynayırmış.

Ötən həftəyə qədər Əhmədinejad fevralın sonundan – Tehrandakı evindən qara rəngli “Peugeot” avtomobili ilə tələsik aparıldığı vaxtdan bəri ictimaiyyət qarşısında görünməmişdi.

İyulun 6-da o, gözlənilmədən və çox qısa müddətə İranın mərhum Ali Rəhbəri Əli Xameneinin dəfn mərasimində görüntüləndi. Videogörüntülərdə havanın temperaturunun 32 dərəcəyə yaxın olmasına rəğmən Əhmədinejadın qalın gödəkçə geyindiyi, cərrahi maskasının isə çənəsinə qədər aşağı endirildiyi əks olunub. İranın digər iki keçmiş prezidenti – Həsən Ruhani və Məhəmməd Xatəmi dəfn mərasimlərinin heç birinə dəvət olunmayıblar və orada görünməyiblər.

Əhmədinejad hər tərəfdən təhlükəsizlik əməkdaşları olduğu bəlli olan şəxslərlə əhatə olunmuş vəziyyətdə, başıaşağı və tək bir kəlmə belə kəsmədən dayanıb növbə gözləyirdi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimi

Qətər gələcəyə milyonlarla yatırım etdi

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

Qətər Əmiri yüzlərlə məzununu mükafatlandırdı

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiTəhlilTürkiyə

Ankara Dəməşq hava limanında raket batareyaları qurur

Müəllif:
ArabAZ News
Redaktorun seçimiTəhlilYəmən

Yəməndə İrana qarşı qisas əməliyyatı başladı – husilər vurulur

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.