Qətərin Əl-Əhli klubu müqavilə müddətləri başa çatan altı əsas komanda oyunçusunun gedişini rəsmən elan edib. ArabAZ xəbər verir ki, Kklubdan verilən məlumata görə, baş məşqçi Borxa Ximenezin planlarına uyğun olaraq Xalid Radvan, Nasser Əl-Nasser, Hilal Məhəmməd, Osman Əl-Yəhri, Əbdürrəhman Fəhmi və Xalid Məhəmmədlə müqavilələrin yenilənməməsi barədə qərar qəbul edilib və bu səbəbdən onlar komandanı tərk edəcəklər.
Əl-Əhli rəhbərliyi göstərdikləri xidmətlərə və komandaya verdikləri töhfələrə görə futbolçulara təşəkkür edib. Klub eyni zamanda bildirib ki, yeni mövsümə hazırlıq işləri artıq başlayıb və heyət Dohadakı ilkin məşqlərdən sonra Avstriyada təşkil olunacaq üç həftəlik mövsümöncəsi təlim məşq toplanışına yollanacaq.
Əl-Əhli klubu Qətər Ulduzlar Liqasında yeni mövsümün ilk matçını son çempion Əl-Sədd komandasına qarşı keçirəcək və həmin qarşılaşma avqustun 22-də baş tutacaq.

