Məşhur üslub və dəb simaları Sandra Şəhab və Əminə Muaddi Fransanın lüks moda evi “Jacquemus”un yaz/yay 2027 kolleksiyasının təqdimatında fəxri qonaqlar sırasında yer alıblar.
ArabAZ xəbər verir ki, brendin qurucusu və dizayneri Simon Port Jakmüs öz ənənəsinə sadiq qalaraq “Le Bonheur” (Xoşbəxtlik) adlı yeni kolleksiyasını Korsika adasında yerləşən tarihi “Phare de la Pietra” mayakının möhtəşəm mənzərəsində nümayiş etdirib. İyunun 29-da keçirilən və az sayda qonağın qatıldığı dəb nümayişində işıq, təbiət və sadə həyatın gətirdiyi sevinc hissindən ilhamlanılıb. Tarixi məkanın bərpasına və qorunmasına dəstək verdiyini qeyd edən dizayner, bu cür irsləri gələcək nəsillərə ötürməyin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Dəb nümayişində dünya şöhrətli ulduzların imtina edilməzi olan ayaqqabı dizayneri, İordaniya-Rumıniya əsilli Əminə Muaddi və misirli köklərə sahib olan ABŞ-li feşn-influenser Sandra Şəhab da iştirak edib və tədbirdən görüntüləri sosial şəbəkə izləyiciləri ilə paylaşıblar. Öz ayaqqabı brendini 2018-ci ildə quran Əminə Muaddi bu gün Rihanna, Beyonse, Kendall Cenner və Dua Lipa kimi ulduzları geyindirən qlobal bir simadır. Sandra Şəhab isə beynəlxalq podiumlarda Yaxın Şərq dəbini uğurla təmsil edən feşn-influenserlərdən biri hesab olunur. 19-cu əsrə aid olan və Aralıq dənizinə baxan mayakda keçirilən bu şouda yerli korsikalı modellər də podiuma çıxaraq tədbirə xüsusi rəng qatıblar.

