Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Əsəd bir zalım idi. Çünki xalqına qarşı zülm edirdi. İnsanları zindanlarda məhv edirdi. Ona görə bir zalımın getməsi və minlərlə insanın zindanlardan çıxmasına ancaq insanlığı ölmüş birisi sevinməyə bilər. Bəzi dostlarım deyir ki, sən analiz etmirsən, daha çox şübhə və tərəddüdlər dilə gətirirsən. Buradan həmin dostlarıma sayğımı və sevgimi ifadə edirəm. Dediklərini də özüm üçün qeyd edirəm. Lakin bir xatırlatma edim ki, bir tarixçi və siyasi şərhçinin analizi tarixin təkərrürü, insanın fitrət qanunlarını nəzərə almaqla olur. Mən də tarixi müqayisələr aparır, proqnoz verəndə əvvəl Allah deyirəm. Sonra da bütün proqnoz yazanlara deyirəm ki, gəlin proqnoz yazaq, amma bir ildən sonra silməyək. Müqayisə edək. Allahdan xeyirlisini diləyirəm, nəfsim arzu edəni deyil, bu arada.
İndi gələk yenə Suriyaya. Bir daha deyirəm, Əsəd bir zalım idi. Uşaqların işgəncə ilə öldürülməsi ona qarşı xalq ayaqlanmasının fitili oldu. Ana səbəb deyil. Necə ki, Frans Ferdinandın ölümü Birinci Dünya Müharibəsinin fitili idi, ana səbəbi deyildi. Böyük güclər Yaxın Şərqi yenidən dizayn etmək istəyirdi. Nə üçün? Məgər ərəb liderlər qlobal sistemə təhlükə idimi? Müəyyən qədər olmağa başlamışdılar. Necə? İllərlə hakimiyyətdə olmuş, xarizmatikləşmiş, təcrübələnmiş, özlərinin alt sistemlərini qurmuşdular və zaman-zaman müstəqilə oxşar nəsə edə bilərdilər ki, bu da sistemə ziyan vura bilərdi. Yəqin, siyasi şəxsiyyətlər üzrə tədqiqat aparanların heç biri inkar etməz ki, Qəddafi də, Mübarək də, Səddam da xarizma idilər — diktator olsalar da. Nə isə, onları ortadan qaldırmaq lazım idi ki, sistem “zboy” verməsin.
Suriya xalqı da ilk olaraq ayağa qalxdı, sırf dinc şəkildə. Daha sonra Əsəd zalımın adamları xalqa atəş açdı, həbs dalğası başladı. Zülm başladı. Amma maraqlıdır ki, çırtmaya məhdudiyyət qoyan sosial şəbəkələr Əsəd əsgərlərinin cinayətlərini açıq verməyə başladılar. Suriya xalqının ayağa qalxmasının və inqilabının ilk mərhələsində xalqı öz içindən bir sıra insanlar təmsil etməyə başladılar. Onların içində ziyalı insanlar, suriyalılar vardı. Yetimlər bağırırdı ki, Suriya məsələlərini ancaq Suriya xalqı həll etsin. Nə oldu? Dərhal bu insanlar uzaqlaşdırıldı. Çünki Suriyada normal bir cəmiyyətin qurulmasına imkan vermək olmazdı.
Mən özüm də dindaram, hətta sünniyəm, belə demək olarsa. Dini hiss və fikirlərimi kripto mücahidlərdən fərqli olaraq gizlətməmiş, səhvlərimlə bağlı da açıq çıxıb yazmışam. İndi qayıdaq məsələyə: beynəlxalq imperializm başqa bir yol seçdi. Suriya dinc xalq ayaqlanmasını dinləşdirdi. Bu sözümdən sonra məni bəzi dostlar təkfir edəcəkdir, yəni kafir elan edəcəklər. Heç nə olmaz. Dinləşdirilən münaqişəyə dini hisslər üzərində oynanılaraq minlərlə qeyri-suriyalı cəlb edildi. Daha sonra mötədil dindarlıqdan radikal xarici görüşlərə keçildi: radikal sünnilər, radikal şiələr. Bir tərəfdən radikal sünnilər, digər tərəfdən radikal şiələr, digər tərəfdən millətçilik və sosializm arasında gedib gələn kürd qrupları.
Ölkədə bir xaos başladı.
Sonra imperializm düşündü ki, hələ zamanı deyil Əsədin getməsinin. Demək olar ki, bütün diktatorlar iki mərhələdə gedir. Ona görə də bu dəfə onun köməyinə öz maraqlarını güdən Rusiya və İran gəldi. Eyni zamanda, ABŞ özünə yer etdi. Türkiyə də öz təhlükəsizliyi üçün girdi. Yerli qruplar da bir təhər yerləşdi. Bir status-kvo yarandı.
Elə bu status-kvonun ortasında Qəzza olayları başladı. İranın Suriya vasitəsilə Hizbullaha silah verməsi problemi yarandı və Əsədin getməsinin zamanı gəldi. Əsəd özünün hakimiyyətdə qalması üçün oynayan bir diktator idi. Əsəd getdi. Əsəd bir zalımın qədərini yaşadı.
Bəs ölkəni nə gözləyir? Bu arada mənə maraqlı bir nöqtə var: son zamanlar qəfil ortaya çıxıb alqışlanan, amma sonra laxlamağa başlayan liderlərin geyimi, bədən dili, baxış tərzləri, çəkilən şəkilləri eyni olur. Çox maraqlıdır. Cövlaninin geyim tərzi Zelenskinin geyim tərzinə, bədən dili bədən dilinə, gəldiyi zaman yaşanan anşlaq da eyni anşlaqa bənzəyir. Təbii ki, birincisi dünyanın terrorçu siyahısından çıxarıla bilər və ya çıxarılmaya bilər, ikincisi isə bir ölkənin başçısıdır. Onların hüquqi statusları eyni deyil, onlara beynəlxalq və hüquqi münasibət eyni ola bilməz.
Şəxsən mənə gəldikdə isə Cövlaninin terrorçu olmasını indiki duruşu ilə qəbul etmirəm, çünki xalq onu alqışlayır. Cövlani bir liderdir. Hə, beynəlxalq sistemlə inteqrasiya şərtlərini qəbul etmək istəyir, öz yerində. Dünya onun “tövbəsi”nə səmimi baxacaqmı? Bu hadisələrin gedişindən çox asılıdır.
Hər halda zindanlarda əzizləri zülm görən Suriya xalqı üçün Əsədin gedişi təbii ki, bir uğurdur. Təbii ki, əgər Suriya xalqı Cövlanini öz hüquqi təmsilçisi görmək istəyəcəksə, hər kəsin onu qəbul etməsi lazım olacaqdır. Sadəcə olaraq, yeri gəlmişkən, Cövlaninin əsli olduğu Colan təpələri yenə keçildi. 1974-cü ildən bu yana ilk dəfə olaraq… Eh, dünyanın gedişatı ancaq Uca Rəbbimə məlumdur.
Bu arada yazdıqlarımı soyuqqanlı qarşılamağınızı arzu edirəm. Çünki ümmət olaraq itirdiyimiz ən mühüm dəyər məhz budur.