BAKI, Arab.AZ
Fanatik yəhudilər İsrail polisinin himayəsində Əl-Əqsa məscidinə daxil olub.
Arab.AZ xəbər verir ki, İsrailin işğal altında saxladığı Şərqi Qüdsdə fanatik yəhudilər bu gün İsrail polisinin müşayiəti ilə Əl-Əqsa məscidinin həyətinə daxil olaraq təxribat xarakterli dini ayinlər icra ediblər.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın yaydığı məlumata əsasən, hadisə zamanı yüzlərlə İsrail polisi Qüdsün Köhnə Şəhərində və Məscidül-Əqsanın girişlərində yerləşdirilib, fələstinli ibadətçilərin məscidə girişinə ciddi məhdudiyyətlər qoyulub.
Qruplar halında məscid kompleksinə daxil olan fanatik yəhudilər, İsrail qüvvələrinin qoruması altında dini mərasimlər icra edib və həyətlərdə yürüşlər təşkil ediblər.
Qeyd edək ki, 1994-cü il 26 oktyabr tarixində İsrail və İordaniya arasında imzalanmış sülh sazişinə əsasən, Əl-Əqsa məscidinin idarəsi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs Mülklər Nazirliyinə tabe olan Qüds İslam Vəqfləri İdarəsinə məxsusdur.
Lakin 2003-cü ildən etibarən İsrail polisi tərəfindən birtərəfli qaydada israillilərin məscidə girişinə icazə verilir. Bu vəziyyət Qüds İslam Vəqfləri İdarəsi tərəfindən “basqın” kimi qiymətləndirilir və müsəlman suverenliyinin pozulması kimi dəyərləndirilir.
Bundan əlavə, israilli arxeoloqlar “Süleyman məbədinin qalıqlarının tapıldığını” əsas gətirərək, Əl-Əqsa məscidi kompleksi – Qiblə məscidi, Qaya günbəzi, muzey, mədrəsələr və həyətlərin altında arxeoloji qazıntılar aparırlar.
İsrail tərəfi Əl-Əqsa məscidində yalnız müsəlmanların ibadət edə biləcəyi, digər din nümayəndələrinin isə sadəcə ziyarətçi statusunda olacağı barədəki tarixi status-kvonun qorunduğunu bəyan etsə də, son illərdə fanatik yəhudilərin polis himayəsində dini ayinlər yerinə yetirməsi bu statusun pozulması kimi qiymətləndirilir.