Fələstin-İordaniya mənşəli gənc müğənni və bəstəkar Zeynə sentyabr ayında başlayacaq böyük Avropa turnesi ərəfəsində pərəstişkarlarına gözlənilməz sürpriz edib. Regional ulduz sosial şəbəkə hesablarında yay mövsümü üçün xüsusi və daha kiçik auditoriyalar üçün nəzərdə tutulan kamera konsertləri (intimate shows) təşkil edəcəyini elan edib.
ArabAZ xəbər verir ki, Zeynə iyulun 7-də Kasablankada keçirilən “Jazzablanca” festivalında, iyulun 15-də isə İsveçrənin məşhur “Montreux Caz Festivalı”nda səhnəyə çıxacaq. O, iyulun 17-də Bern şəhərindəki “Gurtenfestival”da çıxış etdikdən sonra, avqustun 1-də Londonda “Məhrəcan” festivalında, avqustun 21-də isə Niderlandın Biddinqhuizen şəhərində təşkil olunan “Lowlands” festivalında öz bənzərsiz performansını nümayiş etdirəcək.
Ed Şiranın podyumundan Avropa turnesinə
Alternativ pop, R&B və ərəb musiqi motivlərini məharətlə sintez edən Zeynə şəxsiyyət, aidiyyat və özünü kəşf mövzularını işləyərək qısa müddətdə böyük rəğbət qazanıb. “Hia” jurnalına verdiyi müsahibədə gənc ulduz öz mədəni irsinə sadiqliyindən bəhs edib.
“Biz komandamızla birlikdə mədəni irsimizə xüsusi hörmətlə yanaşırıq. Yaradıcılığımda ənənəvi xalq rəqsi olan dəbkiyə və ya hər hansı bir folklor elementinə yer verirəmsə, bu, sadəcə xaricdən yapışdırılmış bir bəzək deyil. Bu, mənim şəxsi hekayəmin rəsmi tərkib hissəsidir”- deyə bildirib.
Zeynə 2025-ci ildə Qətərdə dünya şöhrətli britaniyalı ifaçı Ed Şiranın nəhəng konsertinin açılışını etməsini də xatırladıb.
“Bir ərəb sənətçisi olaraq 65 mindən çox insanın qarşısında öz dilimdə oxumaq və öz kimliyimi qorumaq mənə inanılmaz bir güc verdi. Ed Şiranın kütlənin böyüklüyünə baxmayaraq hər bir dinləyici ilə fərdi bağ qura bilməsi mənim üçün böyük bir dərs oldu və bunu hər səhnəmdə tətbiq etməyə çalışıram”.-deyə o bildirib.
Sentyabrda start götürəcək ilk rəsmi Avropa turnesi gənc ifaçının Yaxın Şərq sərhədlərini aşan karyerasında yeni bir mil daşı hesab olunur.

