QÜDS, ArabAZ
Fələstin bayrağı 1967-ci ildə baş verən müharibədən sonra Qəzzada həmçinin İordan çayının qərb sahilində qadağan edilmişdi. Fələstin bayrağını daşıyan və ya asanlar həbs edilirdi.
Bayrağa tətbiq edilən qadağadan sonra fələstinlilər Fələstin bayrağının rənglərini ehtiva edən qarpız simvolundan istifadə etməyə başladılar.
Qırmızı, qara, ağ və yaşıl rənglərin birləşməsindən ibarət qarpız fələstinlilər arasında müqavimətin simvoluna çevrildi.
Bayrağa qoyulan qadağanın 26 il davam etməsi səbəbindən fələstinlilər uzun müddət apardıqları mübarizədə qarpız simvolundan istifadə etdilər.
1993-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) və İsrail arasında imzalanan Oslo razılaşması ilə qadağa aradan qaldırıldı. Bundan sonra Qəzzada və İordan çayının qərb sahilində Fələstin bayrağından istifadə edilməyə başlandı.
7 oktyabrdan bəri davam edən hücumlar qarpız simvolunu yenidən gündəmə gətirdi. Atəşkəsə çağıran etiraz aksiyalarında tez-tez bu simvoldan istifadə edilirdi.
ABŞ və Avropa başda olmaqla bir çox ölkədə keçirilən etiraz yürüşlərində Fələstin bayrağı ilə yanaşı qarpız simvolundan da istifadə edilir.