Livan dövlət başçısı ölkənin milli və siyasi qərarlarının sırf ölkənin qanuni və leqitim təsisatlarında formalaşdığını xüsusi qeyd edib. O, Livanın suverenliyini və maraqlarını müdafiə etmək naminə rəsmi danışıqları yalnız dövlətin apardığını bəyan edərək, hər hansı digər qüvvənin ölkə adından danışıqlar masasına oturmasını qətiyyətlə rədd edib.
“Hərbi güc balansının pozulduğu bir şəraitdə birbaşa danışıqlar variantı işğala son qoymaq, cənubluların və məcburi köçkünlərin əziyyətlərini qısaltmaq üçün yeganə çıxış yolu idi. Müharibənin davam etdirilməsi seçim ola bilməz. Prezident sarayının qapıları ‘Hizbullah’ da daxil olmaqla, hamı ilə rəsmi dialoq aparmaq üçün açıqdır.”-deyə o bildirib.
ArabAZ xəbər verir ki, Prezident Aun parlament sədri Nəbih Bərrini “dövlət adamı” kimi xarakterizə edib və hökumətin küçə etirazları, kütləvi nümayişlər vasitəsilə devrilməsini qadağan edərək, hər hansı bir siyasi dəyişikliyin yalnız konstitusiya çərçivəsində reallaşmalı olduğunu bildirib.
O, həmçinin ərəb ölkələrinin Livana göstərdiyi böyük dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Livan ixracat məhsullarının Krallığa qəbulunu yenidən bərpa etmək qərarına görə rəsmi Ər-Riyada xüsusi təşəkkürünü ifadə edib. Sonda öz şəxsi təhlükəsizliyi barədə narahat olmadığını bildirən Prezident, “Məni qoruyan Allahdır, heç kim əcəli gəlmədən ölmür” sözlərini əlavə edib.

