BEYRUT,ArabAZ
Yəməndəki Hüsi hərəkatı bazar günü bəyan edib ki, İsrailə qarşı həyata keçirdikləri hücumlar Tehranın koordinasiyası ilə gerçəkləşdirilib. Bu, İrana müttəfiq bir qrupun bu səviyyədə birgə hücumu açıq şəkildə ilk dəfə etiraf etməsidir.
Hüsi hərəkatının hərbi sözçüsü Yəhya Səriə televiziya vasitəsilə yayımlanan çıxışında bildirib ki, son 24 saat ərzində İsrailin mərkəzində yerləşən Yafə şəhəri bir neçə hipersəs ballistik raketlə vurulub.
“Fələstin və İran xalqlarının haqlı mübarizəsinin müdafiəsi və Qəzzada israilli işğalçılar tərəfindən törədilən aclıq və susuzluq cinayətlərinə cavab olaraq, Yəmən Silahlı Qüvvələrinin raket birlikləri Yafədə düşmənin həssas hədəflərinə qarşı hərbi əməliyyat həyata keçirdi.”- deyə o bildirib.
O, həmçinin əlavə edib ki, bu əməliyyat “İran Ordusu və SEPAH tərəfindən həyata keçirilən hücumlarla koordinasiyalı şəkildə” həyata keçirilib.
İsrail ordusu isə daha öncə bəyan etmişdi ki, İran və Yəməndən buraxılan raketlər səbəbilə bir sıra bölgələrdə hava hücumu siqnalları aktivləşdirilib.
Cümə günü İsrail, İran ərazisinə tarixindəki ən genişmiqyaslı hərbi hava zərbəsini endirmişdi və bu hadisədən sonra Təl-Əviv və Tehran qarşılıqlı raket hücumlarını davam etdirirlər.
İsrail, eyni gün Yəməndən atılan bir raketin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Xəlil şəhərinə düşdüyünü açıqlayıb. Lakin həmin raket zərbəsinə görə Hüsilər məsuliyyət götürməyiblər.
Hüsi hərəkatı 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza ilə həmrəylik məqsədilə İsrailə qarşı bir sıra raket hücumları həyata keçirib. Bu hücumların çoxu İsrail tərəfindən zərərsizləşdirilib.
İsrail isə cavab olaraq Yəməndə Hüsi rəhbərliyinə qarşı hava əməliyyatları təşkil edib. İsrail mediasının şənbə axşamı yaydığı məlumata görə, ordu, o cümlədən qrup lideri Əbdülməlik əl-Husini hədəfə alan qətlə yetirmə əməliyyatı həyata keçirib.
“Jerusalem Post” qəzetinin İsrail hərbi mənbələrinə istinadən yazdığına görə, “hücumun uğurlu olub-olmadığını tezliklə bilinəcək”.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ da Hüsi mövqelərinə qarşı güclü hücumlar həyata keçirmişdi. Lakin Prezident Donald Tramp, Hüsilərin ABŞ gəmilərinə qarşı hücumları dayandırmağa razılaşmasından sonra bu hücumları dayandırmaq qərarına gəldi.