Abu Dabi rəsmiləri 17 may 2026-cı il, bazar günü Əl-Dafra bölgəsində yerləşən “Bərəkah” Atom Elektrik Stansiyasının (Barakah Nuclear Power Plant) daxili perimetrindən kənarda yerləşən elektrik generatorunda yanğın hadisəsinə reaksiya veriblər.
ArabAZ xəbər verir ki, Abu Dabi Media Ofisi tərəfindən yayılan rəsmi bəyanata görə, sözügedən insident pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində baş verib. Səlahiyyətli qurumlar hadisə zamanı heç bir xəsarət alma faktının qeydə alınmadığını və insidentdən sonra radioloji təhlükəsizlik səviyyələrində hər hansı bir dəyişiklik və ya təsirin olmadığını təsdiqləyiblər.
Nüvə Tənzimlənməsi üzrə Federal Qurum (FANR) da öz növbəsində bəyanat yayaraq, yanğının elektrik stansiyasının təhlükəsizliyinə və ya onun mühüm sistemlərinin hazırlıq vəziyyətinə heç bir xələl gətirmədiyini vurğulayıb. Qurum stansiyanın bütün bloklarının normal rejimdə fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. Abu Dabi Media Ofisi vətəndaşları və ölkə sakinlərinə çağırış edərək, yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyi, şayiələr və təsdiqlənməmiş xəbərləri yaymaqdan çəkinməyi xahiş edib.

