İran İslam Respublikası, ABŞ-İran atəşkəsinin qüvvədə olduğu və regional gərginliyin artdığı bir vaxtda Qətər banklarında bloklanmış 12 milyard dollarlıq aktivlərinin 6 milyard dollarının sərbəst buraxılacağını təsdiqləyib. Tehran və Vaşinqton arasında diplomatik səylər kövrək atəşkəs fonunda davam edir.
ArabAZ xəbər verir ki, İranın IMNA xəbər agentliyinin Prezidentin İnformasiya Ofisinə istinadən verdiyi məlumata görə, İran Prezidenti Məsud Pezeşkiyan Qum şəhərinə səfəri zamanı bu vəsaitlərin Qətərdə saxlanılan ümumi 12 milyard dollarlıq İran resurslarının bir hissəsi olduğunu açıqlayıb
“İcra edilən planlara əsasən, İranın Qətərdəki ümumi 12 milyard dollarlıq resursundan 6 milyard dolları sərbəst buraxılaraq ölkəyə köçürüləcək”-deyə o bildirib.
Pezeşkiyan yerdə qalan aktivlərin də geri qaytarılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, sözügedən vəsaitlər İranın Cənubi Koreyaya satdığı neftdən əldə olunub və 2023-cü ildə imzalanmış məhbus mübadiləsi sazişi çərçivəsində Qətər hesablarına köçürülüb. Livan və Yaxın Şərqdəki son proseslər ərəfəsində “Reuters” agentliyi Vaşinqtonun bu vəsaitlərin istifadəsinə qoyulan məhdudiyyətləri qismən qaldırmağa razılaşdığını xəbər vermişdi. Pezeşkiyan həmçinin Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını, proqramın yalnız mülki məqsədlər daşıdığını növbəti dəfə bəyan edib.
Hörmüz boğazı üzrə Doha danışıqları və birbaşa hərbi qaynar xətt
Bu mühüm maliyyə gəlişməsi Hörmüz boğazında dəniz təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ və İran arasında aparılan gizli diplomatiya dövrünə təsadüf edir. “Axios” nəşrinin yaydığı məlumata görə, tərəflər qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəliblər və çərşənbə axşamı Qətərin paytaxtı Dohada rəsmi görüş keçirəcəklər.
Doha danışıqlarının əsas mövzularından biri Hörmüz boğazında gəmilərin hərəkətini koordinasiya etmək və gələcək böhranların qarşısını almaq üçün Vaşinqton ilə Tehran arasında birbaşa hərbi qaynar xəttin (hotline) yaradılması olacaq. Danışıqlarda Pakistan və Qətər rəsmi vasitəçi qismində çıxış edir. Bu vasitəçilik prosesinə daha əvvəl İsveçrədə keçirilən Lusern gölü sammiti də daxil olub.
Xatırladaq ki, ABŞ ordusu İranın raket və PUA anbarları, sahil radarları və hərbi rabitə infrastrukturundan ibarət 10 strateji obyektini vurduqdan sonra, İran da cavab olaraq ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına raket zərbələri endirmişdi. Dohadakı hərbi və diplomatik görüşlər bu gərginliyi azaltmağı hədəfləyir.

