İraq hökuməti Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxmaq niyyətinin olmadığını rəsmən bəyan etsə də, bu ehtimal ətrafında yaranan müzakirələr Bağdadın kartellə gələcək münasibətlərini yenidən gündəmə gətirib.
ArabAZ xəbər verir ki, Reuters agentliyinin İraqın hasilat kvotasının artırılmayacağı təqdirdə OPEK-dən çıxmaq da daxil olmaqla bütün variantları nəzərdən keçirə biləcəyinə dair yaydığı məlumat iqtisadi dairələrdə geniş əks-səda doğurub. İraqın Neft Nazirliyinin rəsmi sözçüsü Səlim əş-Rikabi “Əl-Cəzirə”yə açıqlamasında bu iddiaları təkzib edərək, hökumətin təşkilata sadiqliyini vurğulayıb. Lakin o, İraqın son qırx ildə müharibələr, sanksiyalar və dağıntılardan əziyyət çəkən neft sənayesinin bərpası və ölkənin artan maliyyə ehtiyaclarının ödənilməsi üçün hasilat tavanına yenidən baxılmasını tələb etdiklərini gizlətməyib.
Bağdad rəsmi hasilat həcmini ədalətli səviyyəyə qaldıraraq OPEK daxilində ikinci ən böyük istehsalçı mövqeyini möhkəmləndirmək niyyətindədir.
İraqın rəsmi hasilat kvotasını artırmaq tələbi tamamilə qanunidir, lakin rəsmi ritorikadakı bəzi ziddiyyətlər təşkilatdaxili həssaslığı artırır. Neft sahəsi üzrə analitik Asim Cihadın fikrincə, Bağdad üçün əsas çağırış təkcə hasilat kvotası deyil, həm də ixrac infrastrukturunun təkmilləşdirilməsi, Türkiyə ilə boru kəmərlərinin bərpası və alternativ ixrac limanlarının işə salınmasıdır.
Digər tərəfdən, İraq Enerji Mərkəzinin rəhbəri Furat əl-Musavi qeyd edib ki, İraqın bu təzyiqləri artırmasına Hörmüz boğazındakı münaqişələr səbəbindən neft ixracatının azalması və təxminən iki ay əvvəl (1 may 2026-cı il) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEK-dən gözlənilməz çıxışı şərait yaradıb.
46 milyondan çox əhalisi olan İraq hazırkı gündəlik 4,378 milyon barrel hasilat limitinin onun potensialını əks etdirmədiyini bildirərək, yaxın perspektivdə kvotasının mərhələli şəkildə 150-300 min barrel artırılmasını, strateji hədəf olaraq isə gələcək illərdə dayanıqlı hasilatı 7 milyon barrelə çatdırmağı hədəfləyir.
Enerji eksperti Adil Sadiq isə xəbərdarlıq edir ki, OPEK-dən ayrılmaq İraqa sərbəst hərəkət etmək və ABŞ ilə gündəlik 500 min barrel neft ayırmaqla müştərək enerji fondu yaratmaq kimi ikitərəfli müqavilələr imzalamaq şansı versə də, qlobal neft bazarında qiymətlərin kəskin ucuzlaşması (hətta 50 dollardan aşağı düşməsi) riskini daşıyır.
OPEK+ tərəfdaşlığının qlobal neft tədarükünün 55 faizinə, təsdiqlənmiş ehtiyatların isə 90 faizinə nəzarət etdiyini nəzərə alsaq, təsisçi üzv olan İraqın karteldən mümkün çıxışı təşkilatın bazar gücünə ağır zərbə vura bilər. Hazırda rəsmi Bağdad üçün ən optimal yol İndoneziya nümunəsində olduğu kimi üzvlüyü dondurmaq və ya OPEK+ çərçivəsində növbəti texniki baxışlarda kvotanın mərhələli artımına nail olmaqdır. Paralel olaraq, İraq artıq Suriyanın Baniyas limanı vasitəsilə mazut ixracını aktivləşdirib və yaxın vaxtlarda bu xətt üzrə ixracatın 600 min barreli ötəcəyi gözlənilir.

