Bakı,ArabAZ
İsrail Təhlükəsizlik Kabineti İsrail ordusunun Qəzza zolağının Misirlə sərhədinin Fələstin tərəfindəki Filadelfiya dəhlizində qalmasını müəyyən edən xəritələrin təsdiq edilməsinə qərar verib.ArabAZ xəbər verir ki, sözügedən qərar 8 nazirin əksəriyyəti tərəfindən təsdiqlənib və yalnız müdafiə naziri Yoav Gallant bunun əleyhinə səs verib. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bitərəf qalıb.
Baş nazir Benyamin Netanyahu HƏMAS hücumu zamanı İsrailin Filadelfiya dəhlizinə nəzarət etmədiyinə diqqət çəkərək, “7 oktyabr qırğınının artıq mümkün olmadığını” bəyan edib. Baş nazirin sözlərinə görə, bu dəhlizlə Qəzzada “terrorçu” təşkilatların istifadə etdiyi çoxlu sayda silah daşınırdı.
Netanyahu bəyan edib ki, İsrail dəhlizi nəzarətində saxlamaqda qərarlıdır.
Qeyd edək ki, Qahirədə müxtəlif partiyaları təmsil edən rəsmilər arasında keçən bazar günü başa çatan danışıqların son raundunda irəliləyiş əldə olunmayıb.