Misirdə “Yaşıl Şarm” layihəsi çərçivəsində 50 ekoloji layihə uğurla tamamlanıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Cənubi Sinay qubernatorluğu ilə birgə icra olunan bu təşəbbüs Şarm əl-Şeyx şəhərini yaşıl şəhərlər və davamlı turizm məkanları üçün inteqrasiya olunmuş qlobal bir modelə çevirməyi hədəfləyir. Görülən işlər nəticəsində şəhərdə karbon emissiyası illik 85 min 100 ton azaldılıb.
ArabAZ xəbər verir ki, altı illik dövrü əhatə edən layihə Şarm əl-Şeyxin 42 kvadratkilometrlik quru sahəsini, eləcə də Ras Məhəmməd, Nəbq və Əbu Qalum qoruqlarının dəniz və sahil zonalarını əhatə edir.
Nazirlər Kabinetinin Media Mərkəzinin məlumatına görə, layihə çərçivəsində ümumi gücü 4 meqavatdan çox olan günəş enerjisi stansiyaları qurulub. Bu stansiyalar Şarm əl-Şeyx Beynəlxalq Hava Limanı, Şarm əl-Şeyx Muzeyi, həmçinin bir sıra məktəb, xəstəxana və otellərdə fəaliyyət göstərir. Bundan əlavə, şəhərdə 891 ədəd günəş enerjisi ilə işləyən işıq dirəyi quraşdırılıb. Bununla da şəhərin bərpa olunan enerji potensialı təxminən 55 meqavata çatdırılıb ki, bu da Şarm əl-Şeyxin ümumi elektrik istehlakının təxminən 18 faizini təşkil edir.
“Yaşıl Şarm” layihəsi Qırmızı dənizin bu mühüm turizm mərkəzində aşağı karbonlu texnologiyaları təşviq etmək, tullantıların idarə olunmasını təkmilləşdirmək, biomüxtəlifliyi qorumaq və davamlı turizm təcrübələrini inkişaf etdirmək üçün nəzərdə tutulub. BMTİP-in hesabatına görə, layihənin əsas məqsədi pilot yaşıl investisiyalar, potensialın artırılması və təbii aktivlərin güclü mühafizəsi vasitəsilə Şarm əl-Şeyxi ekoloji cəhətdən davamlı turizm şəhərinə çevirməkdir.
Misir hökuməti bu layihəni Cənubi Sinayın mühafizə olunan ərazilərini, o cümlədən COP27 sammitinin Yaşıl Zonasına ev sahibliyi edən Şarm əl-Şeyx Sülh Parkını qlobal ekoturizm məkanları kimi inkişaf etdirmək strategiyasının tərkib hissəsi hesab edir. Təşəbbüs çərçivəsində Əbu Qalum qoruğundakı “Mavi dəlik” (Blue Hole) dalğıc zonasının modernləşdirilməsi, ziyarətçi və nəqliyyat sayına ciddi nəzarət, elektron ödəniş sisteminə keçid və yaxtaların tullantılarının atılmasına nəzarətin gücləndirilməsi planlaşdırılır. Həmçinin mərcan riflərinə təzyiqi azaltmaq üçün ekoloji patrul qayıqları yenilənib və lövbər bakenlərinin sayı artırılıb.
Qlobal Ekoloji Fondun dəstəyi ilə 2028-ci ilin iyun ayına qədər davam edəcək bu layihə, Misirin 2022-ci ildə COP27 sammitinə ev sahibliyi etdiyi dövrdən bəri həyata keçirilən yaşıl nəqliyyat, bərpa olunan enerji və otellərin ekoloji sertifikatlaşdırılması kimi mühüm addımların davamıdır.

