İranın Ali Rəhbəri Müctəba Xamenei, fevralın 28-də ölkəsinə qarşı reallaşan ABŞ-İsrail birgə hərbi hücumlarının ilk günündə öldürülən atası və sələfi Əli Xameneinin qanının yerdə qalmayacağını və qisasın mütləq alınacağını bəyan edib.
ArabAZ xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın şənbə günü yaydığı məlumata görə, Müctəba Xamenei imzaladığı rəsmi məktubda bu ifadələrə yer verib: “Sənin pak qanının qisasını alacağımıza söz veririk. Bu qisas ümmətimizin iradəsidir və mütləq baş tutacaqdır.”
O, həmçinin hər iki müharibədə həlak olan bütün şəxslərin qanının “cinayətkar və rüsvayçı qatillərdən” alınacağını vurğulayaraq, bunun xalqın rəsmi tələbi olduğunu bildirib.
Ali Rəhbər məktubunda hədəf aldıqları şəxslərin rəsmi siyahısının mövcud olduğunu qeyd edib: “Adları birincidən sonuncuya qədər tam siyahıda yer alan bu cinayətkarlar, öz çarpayılarında rahat şəkildə ölmək arzusunu özləri ilə birlikdə məzara aparacaqlar.”
Atasının dəfn mərasimində şəxsən iştirak etməyən və qiyabi varlığı sui-qəsd qorxusu və ya səhhəti ilə əlaqələndirilən Müctəba Xamenei, bu prosesin fərdlərdən asılı olmadığını iddia edib. “Frans-Press” (AFP) agentliyinin sitat gətirdiyi bəyanatda Xamenei vurğulayıb: “Bu məsələ mənim və ya digər rəsmilərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da bu qisas reallaşacaq və tezliklə dünyanın azad insanlarından hər biri bu ilahi vəzifənin bir hissəsini icra edəcəkdir.”
Qeyd edək ki, fevral ayındakı hücumda öldürülən Əli Xameneinin cənazəsi İran və İraqdakı mühüm şiə ziyarətgahlarında keçirilən altı günlük rəsmi matəm və vida mərasimlərinin ardından cümə günü sübh çağı Məşhəd şəhərində rəsmən dəfn edilib.

