DƏMƏŞQ,ArabAZ
Dünya Bankı Suriyada etibarlı və münasib qiymətə elektrik enerjisinin bərpasına və ölkənin iqtisadi dirçəlişinə dəstək məqsədilə 146 milyon dollarlıq qrant ayırdığını açıqlayıb.
Arab.AZ xəbər verir ki, bankın rəsmi bəyanatında qeyd olunub ki, “Suriya Elektrik Təcili Yardım Layihəsi” (SEEP) çərçivəsində müharibə nəticəsində zədələnmiş elektrik ötürücü xətlər və transformator yarımstansiyaları bərpa ediləcək. Eyni zamanda, elektrik enerjisi sektorunun inkişafı və bu sahədə fəaliyyət göstərən qurumların institusional potensialının artırılması üçün texniki dəstək göstəriləcək.
14 illik müharibənin ardından Suriyanın elektrik infrastrukturu ciddi zərər görüb. Şəbəkə və elektrik stansiyaları dağılmış, infrastruktur köhnəlmiş və davamlı yanacaq qıtlığı müşahidə olunub.
Dünya Bankının Yaxın Şərq üzrə departament direktoru Jan-Kristof Karre bildirib ki, “Suriyanın təxirəsalınmaz bərpa ehtiyacları arasında elektrik sektorunun dirçəldilməsi mühüm və təxirə salınmaz investisiya olaraq ön plana çıxıb. Bu, insanların həyat şəraitinin yaxşılaşmasına, qaçqınların və ölkə daxilində köçkünlərin geri qayıtmasına, su və səhiyyə kimi digər xidmətlərin bərpasına, həmçinin iqtisadi dirçəlişə təkan verə bilər.”
Karre əlavə edib ki, bu layihə Dünya Bankının Suriyanın bərpası və inkişafı istiqamətində planlaşdırdığı daha geniş dəstəyin ilk addımı olacaq.
Dünya Bankının məlumatına görə, layihə çərçivəsində münaqişə zamanı ciddi zərər görmüş iki əsas 400 kilovoltluq yüksək gərginlikli interkonnektor xətlər də daxil olmaqla, yüksək gərginlikli ötürücü xətlər bərpa olunacaq. Bu, Suriyanın İordaniya və Türkiyə ilə regional enerji bağlantısını yenidən təmin edəcək.
Layihə eyni zamanda, müharibədən ən çox zərər çəkmiş və çoxsaylı geri qayıdan qaçqınların yerləşdiyi ərazilərdəki yüksək gərginlikli transformator yarımstansiyalarının təmirini, ehtiyat hissələrinin və texniki təmir avadanlıqlarının təmin olunmasını da əhatə edir.
Bununla yanaşı, SEEP layihəsi ölkənin elektrik sektoru ilə bağlı əsas strategiyalarının, siyasət və tənzimləyici islahatların, habelə orta və uzunmüddətli investisiya planlarının hazırlanması üçün texniki yardım göstərəcək. Elektrik sektoru üzrə dövlət qurumlarının bu strategiya və islahatları həyata keçirməsi üçün potensialın artırılmasına da dəstək veriləcək.