Səudiyyə Ərəbistanının Milli Taxıl Tədarükü Şirkəti (SABIL) “Neom” rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində krallığın şimal-qərbində yerləşən Neom limanında ilk buğda gəmisinin boşaldılması prosesini tamamlayıb. Gəmi ölkəyə 66 000 ton buğda gətirib.
ArabAZ xəbər verir ki, bu addım şirkətin logistika kanallarını şaxələndirmək, tədarük zəncirinin səmərəliliyini artırmaq və əməliyyat çevikliyini genişləndirmək strategiyasının tərkib hissəsidir. SABIL regional gərginliklərin yaşandığı bir dövrdə yerli taxıl axınının davamlılığını təmin etmək üçün krallığın strateji limanlarının imkanlarından maksimum yararlanmağı hədəfləyir.
Şirkət rəsmiləri bildiriblər ki, Neom limanından istifadə edilməsi Tabuk, Əl-Cauf, Hail və Əl-Qassim daxil olmaqla, şimal bölgələrindəki filiallara yüklərin çatdırılmasını xeyli sürətləndirəcək. Bu təşəbbüs ölkənin ərzaq təhlükəsizliyi hədəflərinə birbaşa dəstək verir.
Qırmızı dəniz sahilində yerləşən Neom limanı Səudiyyə Ərəbistanının logistika infrastrukturunun inkişafında mühüm bənddir. Hazırda bu liman qabaqcıl dəniz və quru yolları şəbəkəsi vasitəsilə üç qitəni birləşdirən inteqrasiya olunmuş qlobal logistika mərkəzinə çevrilir. Liman həmçinin daxili yükdaşımalar, sahil gəmiçiliyi və multimodal nəqliyyat həlləri ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri və Yaxın Şərq regionunda logistik əlaqələri gücləndirir.

