Qazaxıstanda rəsmi səfərdə olan Omanın Mədəniyyət, Gənclər və İdman naziri Əlahəzrət Seyyid Teyyazin bin Heysəm Al Səid Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. ArabAZ xəbər verir ki, paytaxt Astanada baş tutan rəsmi qəbulda iki ölkə arasındakı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Prezident Tokayev Omanın regionda strateji tərəfdaş olduğunu vurğulayaraq, bu səfərin iqtisadi, mədəni və investisiya əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin yaratdığını bildirib. Seyyid Teyyazin isə öz növbəsində Oman Sultanı Əlahəzrət Heysem bin Tariqin salamlarını Prezidentə çatdırıb və Qazaxıstanın iqtisadi potensialının Oman investorları üçün maraqlı olduğunu qeyd edib.
Danışıqlar zamanı tərəflər kənd təsərrüfatı, energetika, logistika və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Xüsusilə iki ölkə arasında ticarət həcminin artırılması üçün yeni logistik dəhlizlərin istifadəsi və investisiya mühitinin yaxşılaşdırılması əsas müzakirə mövzularından biri olub. Həmçinin hər iki tərəf gənclər siyasəti və idman sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində keçirilən görüşlərdə Qazaxıstan və Oman arasındakı diplomatik əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunub.

