Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən 36-cı NATO sammitinin yekununda Şimali Atlantika Alyansının liderlərinə payladığı tapançalar sadəcə protokol hədiyyələri deyil, ənənəvi diplomatik normaları aşan ciddi siyasi və hərbi ismarış idi.
Üzərində liderlərin adları həkk olunmuş, yanında real döyüş sursatı (güllələr) və ölkələrinə maneəsiz apara bilmələri üçün rəsmi ixrac sənədləri ilə təqdim edilən yerli istehsal tapançaların seçilməsi Türkiyə müdafiə sənayesinin gücünü göstərmək məqsədi daşıyırdı. Türkiyə daxilində isə bu addım Ankaranın müstəqil siyasi-hərbi qərarlar verən güclü lider obrazı və son illərdə xarici siyasətdə mühüm təsir rıçaqına çevrilən milli müdafiə sənayesi strategiyası ilə tam üst-üstə düşürdü.

Qeyri-adi hədiyyə: Böyük Britaniyadakı qanuni maneə
Böyük Britaniyanın Baş naziri Kir Starmer sammitdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Ərdoğan NATO liderlərinə şəxsi tapançalar hədiyyə edib. Prezident Ərdoğan hədiyyəyə xüsusi məktub və silahı Türkiyənin ixrac məhdudiyyətlərindən azad edən sənədlər də əlavə edib.
Lakin Britaniya Baş naziri 500 ədəd güllə ilə birlikdə verilən tapançanı ölkəsindəki odlu silahların saxlanması və idxalı ilə bağlı həddindən artıq sərt qanunlara görə Krallığa daxil edə bilməyib. “The Guardian” qəzetinin məlumatına görə, silah qanuni prosedurlar tamamlanana qədər Böyük Britaniyanın Ankaradakı səfirliyində saxlanılıb. Britaniyanın bu mövqeyi, 1996-cı ildə 16 uşağın və müəllimin ölümü ilə nəticələnən “Danbleyn qətliamı”ndan sonra qəbul edilmiş və Avropanın en sərt fərdi silah qanunvericiliyinə əsaslanır.
Digər dövlət rəhbərləri hədiyyə ilə necə davrandılar?
Oxşar hüquqi gərginliklərlə üzləşən təkcə Starmer olmayıb. Digər liderlərin reaksiyaları müxtəlif olub:
Belçika: Baş nazir Bart de Vever baqajından tapança və sursat çıxanda təəccüblənib və təhlükəsizlik üçün onu dərhal Brüssel hava limanının polisinə təhvil verib.
Kanada: Baş nazir Mark Karni tapançanı özü ilə Kanadaya aparsa da, güllələri Türkiyədə qoyub (səbəbi açıqlanmayıb).
Almaniya: Kansler Fridrix Merts hədiyyəni elə Türkiyə paytaxtında qoymağa üstünlük verib.
Polşa: Prezident Karol Navrotski üçün nəzərdə tutulan silah gömrük rəsmiləşdirilməsini gözləyir. Müşaviri bildirib ki, silah xatirə kimi saxlanılacaq və “heç kim ondan atəş açmayacaq”.
Niderland və İsveç: Silahlar ölkələrin Ankaradakı səfirliklərinə təhvil verilib. Niderland tapançanın birdəfəlik yararsız hala salınmasına (deaktivasiya) qərar verib, İsveç isə idxal prosedurlarını gözləyir.
Avropa İttifaqı: Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta da eyni hədiyyəni alıblar. Fon der Lyayenin nümayəndəsi bildirib ki, sədr hədiyyədən təəccüblənib, lakin jestə görə təşəkkür edib; o, silahı isitifadəyə yararsız hala saldıqdan sonra hərbi muzeyə bağışlamağı planlaşdırır. Kosta isə silahı Belçikanın rəsmi təhlükəsizlik yoxlamalarına təqdim edib.
İtaliya və Yunanıstan: İtaliyanın Baş naziri Corca Meloni əsl kişi kimi davranaraq, tapançanın hökumət iqamətgahındakı rəsmi hədiyyələr fonduna daxil edildiyini, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis isə onu Afinadakı Müharibə Muzeyinə bağışlayacağını bəyan edib.
Müdafiə sənayesinin nümayişi: “Gümüşay 357 Maqnum”
Litva Prezidenti Gitanas Nausedanın ofisindən paylaşılan fotolar hədiyyənin hansı model olduğunu üzə çıxarıb. Bu, Türkiyənin Maşın və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən 1990-cı illərdə məhdud sayda istehsal olunmuş “Gümüşay 357 Magnum” modelli revolver (barabanlı tapança) olub.
Tapança üzərində Türkiyə bayrağı və NATO emblemi olan xüsusi taxta qutuya yerləşdirilib. Qutunun daxilindəki lövhədə türk və ingilis dillərində bu sözlər yazılıb: “Gümüşay.. Ölkəmizdə istehsal olunan ilk rəsmi revolver tapançadır”. İspaniyanın Baş naziri Pedro Sançesin sözçüsü də bütün liderlərə üzərinə adları həkk olunmuş eyni modelin verildiyini təsdiqləyib.
Cenevrədə yerləşən “Small Arms Survey” tədqiqat layihəsinin rəsmi hesabatına görə, Türkiyə 2019–2024-cü illər arasında təxminən 3 milyard dollarlıq ixracat həcmi ilə ABŞ və İtaliyadan sonra dünyada ən böyük üçüncü kiçik silah ixracatçısı mövqeyini tutub. Bu hədiyyə məhz hərbi xərclərin artırılması və Ukraynaya qlobal dəstəyin müzakirə edildiyi rəsmi müdafiə sammitində Türkiyənin xarici bazarlardakı nüfuzunun növbəti nümayişi idi.

