Qətər Dövlətinin Səhiyyə Nazirliyi tərəfindən açıqlanan son rəsmi statistikaya görə, ölkədə lisenziyalı tibb bacısı və mamaçaların sayı 28 732 nəfərə çataraq, ölkənin ümumi səhiyyə işçi qüvvəsinin 48,2 faizini təşkil edir. Bu rəqəmlər Beynəlxalq Tibb Bacıları Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində ictimaiyyətə təqdim olunub.
Nazirlik vurğulayıb ki, tibb bacıları ölkənin milli səhiyyə strategiyasının mərkəzində dayanır və Qətərin 2030-cu il Milli İnkişaf Strategiyasının hədəflərinə nail olunmasında onların xidmətləri əvəzsizdir.
ArabAZ xəbər verir ki, bu sahədə çalışanların əksəriyyəti Hamad Tibb Korporasiyası (HMC) və Birinci Səhiyyə Yardımı Korporasiyasında (PHCC) cəmləşib. HMC-də 13 416, PHCC-də isə 2 642 lisenziyalı tibb bacısı fəaliyyət göstərir. Qalan 12 674 nəfər isə digər dövlət qurumlarında və özəl sektor müəssisələrində çalışır. Səhiyyə Nazirliyinin Tibbi Tənzimləmə Departamenti qeyd edib ki, tibb bacılarının peşəkar inkişafını təmin etmək üçün son bir ildə 100-dən çox təlim proqramı və beynəlxalq sertifikatlaşdırma kursları təşkil edilib.
Qətər Səhiyyə Nazirliyi həmçinin bildirib ki, tibb bacısı peşəsinə marağı artırmaq üçün yerli vətəndaşlar arasında təşviqat kampaniyaları genişləndirilir. Hazırda Qətər Universitetinin Tibb Bacısı Kolleci və Kanadanın Doha Universitetinin müvafiq fakültələri ilə əməkdaşlıq çərçivəsində yeni kadrların hazırlanması sürətləndirilib. Səhiyyə sisteminin rəqəmsallaşması ilə əlaqədar olaraq, tibb bacılarının süni intellekt və teletibb sahəsindəki bacarıqlarının artırılması da nazirliyin prioritet planlarına daxildir.


