Bazar, 28 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » Qalibaf İranın Qorbaçovu olacaq?

Qalibaf İranın Qorbaçovu olacaq?

İyun 25, 2026 2:37 axşam
Paylaş
Paylaş

ABŞ ilə İran arasında birbaşa danışıqlar İran rejiminin daxilində kəskin narazılıqlara səbəb olur və danışıqları aparan üçlüyü (Məhəmməd Baqir Qalibaf, Abbas Əraqçi və İsmayıl Bəqayi) radikal mühafizəkar cinahla şiddətli qarşıdurma ilə üz-üzə qoyur. Buna baxmayaraq, üçlük Tehranda baş verənlərə məhəl qoymayaraq İslamabaddan Eviana, oradan isə Bürgenstoka uzanan danışıqlar yoluna davam edir.

Bəzi hallarda onlar rejimi danışıqlar variantına sövq edən obyektiv səbəbləri izah etmək, yeni danışıqlar metodunun mərhum “Rəhbər” Əli Xameneinin tövsiyə etdiyi fundamental prinsiplərə və şəriət qaydalarına zidd olmadığı barədə zəmanətlər və şərhlər vermək məcburiyyətində qalırlar.

Bir az keçmişə nəzər salsaq, ötən martın 2-də ABŞ təyyarələrinin keçmiş “Rəhbər” Əli Xameneiyə qarşı həyata keçirdiyi sui-qəsd əməliyyatı, ardınca isə 38 günlük müharibə ərzində yüksək rütbəli liderlərin ardıcıl qətlə yetirilməsi rejimin rəhbərlik strukturunda boşluq yaratdı. Bu boşluğun rejimi udacaq bir uçuruma çevrilməsindən əvvəl dərhal doldurulması mütləq idi. Bu fövqəladə və təhlükəli şərait əvvəllər “fəaliyyətsiz” qalmış praqmatik şəxsiyyətlərə siyasi səhnəyə çıxmaq və taleyüklü rollar oynamaq imkanı verdi. Onlar ilk növbədə radikal qrupu qərarverici mövqelərdən uzaqlaşdırdılar, daha sonra isə islahatçı və mühafizəkar cərəyanlar arasındakı ənənəvi siyasi parçalanmaya son qoyaraq meydanı tamamilə danışıqlar oyununa buraxdılar.

Yeni diplomatlar iddia edirlər ki, mərhum “Rəhbər” sadəcə müxalifət xatirinə Vaşinqtonla birbaşa danışıqlara, ticarət və hətta siyasi münasibətlərin normallaşdırılmasına qarşı olmayıb, sadəcə bunun üçün qarşı tərəfdən hörmətli rəftar tələb edib ki, bu şərtin də bu gün yerinə yetirildiyini düşünürlər. Onlar həmçinin danışıqlara hazırkı “Rəhbər” Müctəba Xameneinin xeyir-duası ilə, ümumi iqtisadi, sosial mənafelər və suverenlik borcu prinsiplərindən çıxış edərək başladıqlarını iddia edirlər. Onların fikrincə, diqqət bir-birini tamamlayan iki milli vəzifəyə yönəlib: siyasi sabitlik və iqtisadi dirçəliş.

Danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf isə birbaşa danışıqlara belə bəraət qazandırır: “Biz onlara (amerikalılara) qarşı inamsızlığın zirvəsinə çatmışıq, lakin indi elə bir vəziyyətdəyik ki, haqlarımızı geri ala bilərik”. O, iranlılara söz verir ki, sazişin tamamlanması üçün nəzərdə tutulan 60 günlük müddət ərzində onun müsbət nəticələri insanların gündəlik həyatında özünü göstərəcək.

Ən yaxşı ssenaridə, əgər bu razılaşma müharibəni dayandırdıqdan sonra milli iqtisadiyyatı canlandıra bilsə, rejimə özünü yenidən qurmaq üçün yeni bir şans verəcək. Belə ki, neft gəlirlərinin payının artması, ticarət əməliyyatlarının genişlənməsi, dondurulmuş vəsaitlərin sərbəst buraxılması və maliyyə məhdudiyyətlərinin qismən də olsa aradan qaldırılması kimi iqtisadi səmərələr rejimin damarlarına yeni qan vuracaq.

Ən pis ssenaridə isə bu, hakimiyyət daxilində yeni parçalanmalara zəmin hazırlaya bilər. Çünki İran rejiminin qarşılaşdığı real böhran daxilidir və sadəcə xarici təzyiqlərin yox olması ilə ortadan qalxmayacaq. Çox vaxt ideoloji rejimlər xarici təhdidləri dəf etdikdən sonra həmin təhlükə daxilə yönəlir və idarəedici elitalar arasında mübarizəyə çevrilir. İran nümunəsində aydın görünür ki, birbaşa danışıqlar radikal cinahla yeni diplomatlar arasındakı ixtilafı sadəcə ideoloji fərqlilikdən çıxarıb ekzistensial (varlıq) böhranına çevirib. Hazırda rejimin zirvəsində iki nəhəng qüvvə üz-üzə gəlib: biri müəyyən siyasi praqmatizm və iqtisadi yenidənqurma (perestroyka) vasitəsilə rejimin davamlılığına çalışır, digəri isə rejimin legitimliyini sərt ideoloji qaydaların qorunmasında və “Amerikaya ölüm” şüarına sadiqlikdə görür.

Müharibə günlərində İran Hörmüz boğazını bağlamışdı, ABŞ isə buna cavab olaraq onun limanlarına dəniz blokadası tətbiq etdi. Bu, neft ixracatının və əsas malların idxalının dayanmasına səbəb oldu, bazarlarda görünməmiş inflyasiya, kəskin bahalaşma və kütləvi işsizlik yarandı. Bu reallıq yeni liderləri mərhum “Rəhbər”in prinsiplərinə yenidən baxmağa vadar etdi. Onlar hesab etdilər ki, bu mərhələdə rejimin sağ qalması yeganə vacib məsələdir və güzəştsiz mövqe onu xilas edə bilməyəcək. Bu səbəbdən həmin prinsiplərdən imtina edərək danışıqlar yolu ilə yeni bir xətt xətt seçdilər.

Bu ərəfədə “Sepah”ın (İslam İnqilabı Keşikçiləri Korpusu) zabiti olan Qalibafın şəxsiyyəti ön plana çıxdı. O, mühafizəkar keçmişinə baxmayaraq, birdən-birə özünü İranın “Böyük Şeytan” adlandırdığı tərəflə üz-üzə danışıqlar aparan və ABŞ Prezidenti Donald Tramp tərəfindən “yaxşı lider” kimi təriflənən bir mövqedə tapdı.

Birbaşa danışıqlara qarşı çıxan radikallar Qalibafı SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçova bənzədirlər. Onlar hesab edirlər ki, onun imzaladığı və altıncı bəndində ABŞ və onun regional tərəfdaşlarının İrana iqtisadi investisiya qoymasını nəzərdə tutan anlaşma memorandumu “Qalibafın məşum perestroykasıdır”. Bu addım rejimi tədricən iqtisadi dirçəlişə deyil, tədrici siyasi parçalanmaya doğru aparacaq.

ArabAZ Analitik Təhlil Mərkəzi

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Təhlil

İranın BƏƏ-yə raket hücumunun pərdəarxası

Müəllif:
ArabAZ News
İordaniyaSuriyaTəhlilYaxın Şərq

Əsəddən sonra Süveyda: Qaçaqmalçılıq niyə hələ də davam edir?

Müəllif:
ArabAZ News
İranTəhlil

Tehran dənizdəki ənənəvi gücünü necə itirdi?

Müəllif:
mail.azerpress@gmail.com
QətərTəhlil

Qətər İran və ABŞ-ni necə barışdıracaq?

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.