Qətər Dövləti, Avropa İttifaqını (Aİ) metan emissiyaları ilə bağlı tənzimləməsinə (EUMR) aydınlıq gətirməyə və hədəflənmiş dəyişikliklər etməyə çağıran birgə bəyanat imzalayıb. “The Peninsula” qəzetinin məlumatına görə, Aİ Komissiyasının Prezidentinə, Avropa Şurasının Prezidentinə və Aİ-yə üzv dövlətlərin rəhbərlərinə ünvanlanmış birgə açıq məktub dünyanın ən böyük enerji istehsalçıları və Aİ-nin əsas maye təbii qaz (LNG) tədarükçüləri tərəfindən imzalanıb.
ArabAZ xəbər verir ki, məktuba Qətərin Enerji Məsələləri üzrə Dövlət Naziri Səd Şəridə əl-Kəbi, ABŞ-ın Energetika Naziri Kris Rayt (Chris Wright), Nigeriyanın Neft Resursları (Qaz) üzrə Dövlət Naziri Ekperikpe Ekpo və Əlcəzairin Hidrokarbonlar Naziri Məhəmməd Arkab imza atıblar.
Hüquqi qeyri-müəyyənlik gələcək müqavilələri riskə atır
Dörd böyük enerji ixracatçısı Aİ ilə strateji tərəfdaşlığa və birliyin enerji təhlükəsizliyinin təmin edilməsinə sadiq olduqlarını təsdiqləsələr də, metan tənzimləməsindəki ciddi boşluqların yarada biləcəyi iqtisadi təhlükələrdən narahatlıqlarını ifadə ediblər. Qərara əsasən, Aİ-yə qaz idxal edən şirkətlərə təsir edəcək müddəaların 2027-ci ilin yanvarından qüvvəyə minməsi nəzərdə tutulsa da, tənzimləmənin bir çox mühüm texniki elementləri və icra detalları hələ də qeyri-müəyyən olaraq qalır.
Bu hüquqi qeyri-müəyyənlik, başda Qətərin dövlət şirkəti “QatarEnergy” olmaqla, qlobal enerji ixracatçılarının Avropa bazarına uzunmüddətli neft və qaz tədarükünü planlaşdırmaq, müqavilələr imzalamaq və öhdəliklər götürmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Məktubda on milyardlarla avro dəyərində olan və çoxillik dövrü əhatə edən müqavilələrlə bağlı yaranan maliyyə və hüquqi risklər xüsusi vurğulanıb.


