DOHA,ArabAZ
Suriya müxalifətinin paytaxt Dəməşqə nəzarəti elan etməsi ilə diqqətlər devrilmiş prezident Bəşər Əsədin və onun yaxın çevrəsinin taleyinə yönəldi , çünki onun hara yoxa çıxdığı bilinmir və videoçarxlarda Respublika Qvardiyasının üzvlərinin Dəməşqin küçələrindən qaçıb gizləndiyi göstərilirdi.
Məlum olduğu kimi, Bəşər Əsədi daşımaqda şübhəli bilinən Suriya təyyarəsi müxaliflər daxil olmadan Dəməşq hava limanını tərk edib.
Təyyarə əvvəlcə Əsədin mənsub olduğu ələvi təriqətinin qalası olan Suriya sahil bölgəsinə doğru uçsa da, sonra qəfil istiqamətini dəyişərək bir neçə dəqiqə əks istiqamətdə uçaraq radar xəritəsindən itib.
Wall Street Journal öz növbəsində Əsədin Suriyanı tərk etməsinin həyat yoldaşı və uşaqlarının keçən həftə Rusiyaya getməsindən sonra baş verdiyini yazıb.
Bu arada, Axios bir İsrail rəsmisinə istinadən, “Əsəd gecə yarısı Dəməşqdən ayrılaraq Moskvaya getməyə hazırlıq üçün Suriyadakı Rusiya bazasına yollandı” -deyə xəbər verib.
Lakin İsrailin Kanal 12 telekanalı hökumət mənbələrinə istinadən bildirib ki, Bəşər Əsədin Suriya ərazisini tərk etməsi ilə bağlı heç bir təsdiq yoxdur.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Əsəd silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində vəzifəsini tərk etmək qərarına gəlib və ölkəni tərk edib.
Reuters agentliyi Suriya ordusunun iki yüksək rütbəli zabitinə istinadən bildirib ki, Əsəd təyyarə ilə açıqlanmayan istiqamətə yola düşüb.
Bazar günü sübh çağı müxalifət Dəməşqin çölündə yerləşən Saydnaya həbsxanasına hücum etdiyini və məhbusları azad etməyə müvəffəq olduğunu və bu həbsxanada “ədalətsizlik dövrünə” son qoyduğunu bildirib.
Suriyanın xaricdəki əsas müxalifət hərəkatının lideri Hadi Əl-Bəhra da bazar günü Dəməşqin indi “Bəşər Əsədsiz” olduğunu açıqlayıb.
Bu arada Suriya Müxalif Qüvvələrinin Əməliyyat İdarəsinin baş komandanı Əhməd Əl-Şaraa dövlət qurumlarının rəsmi təhvil verilənə qədər keçmiş baş nazirin nəzarətində qalacağını bildirib və Dəməşqdə müxalifət qüvvələrinin fəaliyyətinin qadağan edildiyini vurğulayıb.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı maşınlı və piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.
Mənbə : Əl-Cəzirə + ArabAZ