Qətər Dövləti, Milli Kiber Təhlükəsizlik Agentliyinin təmsilçiliyində, ardıcıl ikinci ildir ki, Ümumdünya İnformasiya Cəmiyyəti Sammitinin (WSIS) nüfuzlu mükafatını qazanıb. Ölkə bu uğura İKT-nin (İnformasiya-Kommunikasiya Texnologiyaları) istifadəsində etimad və təhlükəsizliyin gücləndirilməsi kateqoriyası üzrə layiq görülüb.
ArabAZ xəbər verir ki, Cenevrədə keçirilən rəsmi mükafatlandırma mərasimində mükafatı Qətər Milli Kiber Təhlükəsizlik Agentliyinin baş direktoru Əhməd Məhəmməd Əl-Mütəvva Əl-Həmmadi qəbul edib.
Bu tarixi nailiyyət, dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəsmi layihənin iştirak etdiyi kəskin rəqabət mühitində əldə olunub. Nominasiyaya təqdim edilən proqramlar ictimai səsvermə, ekspert qiymətləndirilməsi və ixtisaslaşmış komitələrin rəsmi rəyi də daxil olmaqla çoxmərhələli və genişmiqyaslı qiymətləndirmə prosesindən keçib. Yekunda Qətərin “Milli Kibertəhlükəsizlik Təlim Proqramı” müvafiq kateqoriyada qalib elan edilib. Mükafat komissiyası layihənin rəqəmsal təhlükəsizliyin qorunmasında və BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin hədəflərinə çatmasında mühüm strateji rol oynadığını bəyan edib.

