İraqın və ərəb dünyasının tanınmış, geniş oxucu kütləsinə malik beynəlxalq mətbuat orqanı olan “Azzaman” qəzetində şərqşünas tədqiqatçı Rasim Abdullanın Azərbaycan-İraq əlaqələrinə həsr olunmuş analitik məqaləsi çap olunmuşdur.
“Qafqaz və Beynənnəhr arasında yüksələn körpülər” sərlövhəli bu məqalədə Azərbaycanın beynəlxalq müstəvidə artan rolu və bu roldan çıxış edərək İraqla qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri haqqında faktlar təhlil olunur.
Müəllif qeyd edir ki, müasir dünyada baş verən qlobal dəyişikliklər fonunda Azərbaycan Respublikası özünün çevik və məqsədyönlü diplomatiyası ilə geosiyasi məkanda mühüm oyunçuya çevrilib. Rəsmi Bakının beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyəti, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü və Qoşunulmama Hərəkatına dörd illik uğurlu sədrlik Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib.
Məqalədə vurğulanır ki, Azərbaycanın qlobal gündəliyi formalaşdıran tədbirlərə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bakının COP29 kimi mötəbər tədbirlərə, eləcə də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi Azərbaycanın qlobal davamlı inkişaf proseslərindəki aparıcı rolunu təsdiqləyir.
Məqalədə Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin dinamikasına xüsusi yer ayrılıb. Müəllif qeyd edir ki, İraq nümayəndə heyətlərinin Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə, xüsusilə bu ilin iyun ayında Bakıda baş tutan İslam İnkişaf Bankının illik toplantılarında və İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər İttifaqının konfranslarında səmərəli iştirakı ölkələrarası əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. İraqın parlament və maliyyə strukturlarının yüksək səviyyəli təmsilçiləri ilə Bakıda aparılan danışıqlar qarşılıqlı siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.
Gələcək perspektivləri dəyərləndirən tədqiqatçı müəllif iki ölkə arasında nəqliyyat və logistika sahəsində böyük potensialın olduğunu bildirir. Müəllif qeyd edir ki, İraqın irəli sürdüyü “İnkişaf yolu” layihəsi ilə Azərbaycanın tranzit dəhlizləri – “Şimal-Cənub” və Avrasiya ticarət yolları arasında sinerji yaradılması ölkələrimizi regionun mühüm logistika mərkəzinə çevirə bilər. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına sədrliyi isə bu strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üçün geniş platforma vəd edir.

