Kulinariya Sənəti Komissiyasının baş icraçı direktoru Mayada Badr Krallığın ən sürətlə böyüyən mədəniyyət sahələrindən birində davamlı karyera imkanları yaratmaq və Səudiyyə Ərəbistanı vətəndaşlarını sənaye üçün hazır bacarıqlarla təmin etmək məqsədilə Kulinariya Sənəti Akademik Proqramının bu ay yenidən fəaliyyətə başladığını elan edib.
ArabAZ xəbər verir ki, “Arab News” qəzetinə müsahibə verən Mayada Badr bildirib ki, bu proqram məzunların davamlı iş tapması üçün aydın məşğulluq yolları təklif edir. Təşəbbüs Şahzadə Muqrin Universiteti, Kral Xalid Universiteti, Şahzadə Sattam bin Əbdüləziz Universiteti, Ümmül-Qura Universiteti, Batterjee Tibb Kolleci və Səudiyyə Kulinariya Sənəti Akademiyası ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqram birbaşa əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılıb və yerli istedadlara investisiya qoyuluşunu hədəfləyir.
“Bu proqram Səudiyyə istedadlarına investisiya qoymaqla milli kimliyin güclənməsinə töhfə verir və onları Krallığın perspektivli mədəni və iqtisadi sahələrindən biri kimi kulinariya sənəti sektorunu irəli aparmaq üçün hazırlayır”.-deyə o bildirib.
O qeyd edib ki, iştirakçılar Krallığın zəngin və müxtəlif kulinariya irsindən ilhamlanan təamlar hazırlayacaq, Səudiyyə mətbəxini müasir üsullarla təqdim etmək üçün praktiki biliklərə və peşəkar bacarıqlara yiyələnəcəklər. Komissiya yerli istedadların imkanlarını genişləndirmək və yeni inkişaf edən turizm bölgələrində sektorun böyüməsini dəstəkləmək məqsədilə bu layihəni ölkənin müxtəlif universitet və akademiyalarında reallaşdırır.
Proqramda əsas diqqət praktiki təlimlər vasitəsilə tələbələrin peşəkar səviyyədə işə hazır olmasına yönəldilib. Akademik ixtisaslaşma isə müəssisəyə və seçilən proqram istiqamətinə görə dəyişir. Layihənin uğuru məzunların karyera yüksəlişi və proqramın əmək bazarının tələblərinə nə dərəcədə cavab verməsi ilə ölçüləcək.
Tam orta təhsil attestatı və ya universitet diplomu olan, 18 yaşdan yuxarı bütün Səudiyyə Ərəbistanı vətəndaşları proqramda iştirak etmək üçün iyulun 31-nə qədər müraciət edə bilərlər. Kursu uğurla başa vuran iştirakçılara beynəlxalq səviyyədə akkreditasiya olunmuş sertifikatlar təqdim ediləcək, onlar praktiki təlimlərə cəlb olunacaq və bu sahədə uzunmüddətli karyera qurmaq üçün iş imkanları ilə təmin olunacaqlar.


