“Səudiyyə Ərəbistanı Hava Yolları” (Saudi Arabian Airlines) sanksiyaya məruz qalan quruma təyyarə təhvil verməsi barədə yayılan iddiaları təkzib edib. Aviaşirkət şənbə günü yaydığı bəyanatda bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
ArabAZ xəbər verir ki, şirkət rəhbərliyi mediada və sosial şəbəkələrdə geniş müzakirə olunan iddialara münasibət bildirib. Sözügedən iddialarda aviaşirkətə məxsus olmuş “Boeing 777-200” tipli təyyarələrin sanksiya siyahısındakı bir quruma verildiyi iddia edilirdi.
Bəyanatda qeyd olunur ki, sözügedən təyyarələr 7 iyun 2023-cü il tarixində ölkə xaricində qeydiyyatdan keçmiş başqa bir şirkətə satılıb. Bu satış prosesi mövcud kommersiya və hüquqi çərçivələrə tam uyğun şəkildə həyata keçirilib. Şirkət həmin tarixdən etibarən bu təyyarələrlə heç bir əməliyyat və ya kommersiya əlaqəsinin qalmadığını vurğulayıb.

